29 Sentyabr 2021 14:51
İcbari tibbi sığorta çərçivəsində 97 nəfər koxlear implantasiya əməliyyatı olunub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) daxil olan hesabatlara əsasən 2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə 97 nəfər icbari tibbi sığorta çərçivəsində koxlear implantasiya əməliyyatı olunub. Əməliyyat olunanların 91-ini uşaqlar, 6-sını isə böyüklər təşkil edib.
Məlumat üçün bildirək ki, koxlear implantasiya əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Xidmətlər Zərfinə əsasən təqvim ili ərzində icbari tibbi sığorta çərçivəsində təminat verilən koxlear implantasiya əməliyyatının sayı 300 müəyyən edilib. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi (daxili cihaz), nitq prosessoru (üst cihaz) və eyni zamanda əməliyyatdan sonrakı 12 ay ərzində ən azı 3 dəfə cihazda səsin tənzimlənməsinin həyata keçirilməsi, habelə sığortaolunanın əməliyyat sonrası reabilitasiya dövrü zamanı ətraf mühitə adaptasiya və inteqrasiyası üçün 36 seans loqoped və 36 seans psixoloq xidməti vətəndaşlara ödənişsiz göstərilir. Loqoped xidmətinə uşaqların eşitmə qavrayışı, nitqi, kommunikativ ünsiyyət qurma bacarığının inkişaf etdirilməsi, səs-tələffüz, oxu və yazı kimi pozulmaların aradan qaldırılması istiqamətində təlimlərin həyata keçirilməsi aiddir. Psixoloq xidmətinə isə öz növbəsində uşağın mövcud olduğu mühiti, problemin kökünü araşdıraraq, azyaşlının təfəkkürünün və qavramasının inkişafı, davranış pozğunluğunun aradan qaldırılması üzrə fəaliyyət istiqamətləri aiddir.
Dövlət tibb müəssisələrində icrası mümkün olmayan, xüsusi tibbi təchizat və təminat tələb edən koxlear implantasiya əməliyyatı Agentliyin müqavilə bağladığı tibb müəssisələrində icra olunur. Əməliyyat tibbi göstərişlərə əsasən həyat və sağlamlığı üçün təhlükəlilik dərəcəsi ən yüksək olan pasiyentin həyat və sağlamlığı üçün təhlükəlilik səviyyəsi ən aşağı olan pasiyentlə növbələşmə prinsipinə əsasən göstərilir.
Nazirlər Kabinetinin Qərarına əsasən sığortaolunanlara koxlear implantasiya əməliyyatının göstərildiyi əsas şərtlər bunlardır:
- Bu təminat anadangəlmə və ya sonradan yaranmış sensonevral eşitmə azlığı olan sığortaolunanlara şamil edilir;
- Anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanın yaş həddi 5 (beş) yaş, sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortapolunanların yaş həddi 40 (qırx) yaş kimi müəyyən edilir.
Qeyd edək ki, koxlear implantasiya əməliyyatı və sonrakı reabilitasiya dövrü əməliyyat olunmuş şəxslərin cəmiyyətdə öz yerini tutmasına köməklik göstərir, eşitmə qabiliyyətinin tam bərpasını təmin edərək onları ömürlük əlillikdən xilas edir. Daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə üst cihaz yerləşdirilərək eşitmə qabiliyyətinin bərpası mümkündür.
Məlumat üçün bildirək ki, eşitmə itkisinə başlıca səbəb olaraq genetik faktorlar, yəni qohum evlilikləri, qulaq iltihabları, ana bətnində və ya doğuş zamanı yaranan infeksiyalar səbəbindən yaranan fəsadlar göstərilir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49