18 May 2020 18:14

Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib 11.7 milyon manat müddətli əlavə ödəyib

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21462  tibb işçisinə, 2372 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Belə ki, Bakı şəhəri üzrə 145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1.Tibbi  profilaktik tədbirləri həyata keçirən 15113 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 4.9 milyon manat ödənilib.

Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Tutalım, poliklinikada çalışan sahə pediatrının 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif)  maaşı  406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 292 manat 32 qəpik müddətli əlavə almalıdır. 292.32 = ((406 / 25) x 6) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

Hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/ aylıq iş günlərinin sayı) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

2.Təcili tibbi yardım xidməti göstərən 4967 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 378 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.7 milyon manat ödənilib.

R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Tutalım, Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389.76 = ((406 / 25) x 6) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1004 tibb işçisinə  aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 700 min manat ödənilib.

Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkim infeksionistin13-cü dərəcə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487.20 = ((406 / 25) x 6) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

Onu da qeyd edək ki, 2372 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.4 milyon manat müddətli əlavə verilmişdir. Nümunə: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan sürücünün 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. Sürücü koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 195 manat 12 qəpik müddətli əlavə almalıdır. 195.12 = ((271 / 25) x 6) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən aprel ayı üzrə müddətli əlavələr ödəniləcəkdir.

Xəbərlər

Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə 18 milyon manat müddətli əlavə ödəyib

05 Avqust 2020 13:59

Türkiyədən dəvət olunmuş tibb mütəxəssisləri Azərbaycanda koronaviruslu xəstələrin müalicəsinə cəlb olunublar

28 İyul 2020 12:31

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı

26 İyul 2020 23:05

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə 5 452 520 tibbi xidmət göstərilib

03 İyul 2020 11:45

Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə may ayı üzrə iş vaxtına mütənasib 13.7 milyon manat müddətli əlavə ödəyib

23 İyun 2020 00:04

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəyə 41 təcili tibbi yardım avtomobili və Ambulans-Perinatal gətirilib

18 İyun 2020 15:29

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sərnişinlərin COVID-19 testini verməsi üçün elektron xidmət istifadəyə verib

16 İyun 2020 11:01

İcbari tibbi sığortanın tətbiq edildiyi 23 inzibati ərazidə 4 585 307 tibbi xidmət göstərilib

08 İyun 2020 12:08

Agentlik koronavirus pandemiyası ilə mübarizədə iştirak edən 11 707 tibb və qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib 13.1 milyon manat müddətli əlavə ödəyib

01 İyun 2020 09:51

“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020 12:30