13 May 2024 11:41
Aorta koronar şuntlama əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
Ürəyin işemik xəstəliyinin ən effektiv müalicə üsullarından biri aorta koronar şuntlama əməliyyatıdır. İcbari tibbi sığorta ilə bu əməliyyat həm döyünən ürəkdə, həm də ənənəvi metodla - ürək süni qan dövranı aparatına qoşularaq aparılır.
2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına 8153 aorta koronar şuntlama əməliyyatı icra olunub. Onlardan 861-i TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, 7292-si isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində həyata keçirilib.
Ürəyin işemik xəstəliyinin diaqnozu exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), holter monitorinq, tredmil test, laborator müayinələr (troponinlərin təyini), koronaroangioqrafiya və digər müayinələr əsasında qoyulur. Qeyd edək ki, əməliyyatdan əvvəl təyin olunan instrumental və laborator müayinələr, o cümlədən qanın və sidiyin ümumi analizi, qanın biokimyəvi analizi, HİV, B və C hepatitləri, sifilis, ExoKQ, EKQ, USM, rentgenoloji müayinələr icbari tibbi sığorta ilə ödənişsiz aparılır.
Döyünən ürəkdə aparılan əməliyyat zamanı ürək və ağciyərin fəaliyyəti dayandırılmır, qan dövranı sistemi sərbəst fəaliyyət göstərir. Bu cərrahi metodun əsas üstünlüyü əməliyyatdan sonra beyin damarlarının emboliyası, ağciyər ödemi, həyati vacib orqanların hipoksiyası kimi ağırlaşma hallarının baş vermə riskini aşağı salmasıdır. Bundan başqa əməliyyat zamanı qan itkisinin az olması səbəbindən qan köçürməyə ehtiyac qalmır.
Süni qan dövranı aparatı ilə icra edilən əməliyyat zamanı isə ürəyin fəaliyyəti müvəqqəti dayandırılır. Ürəyin nasos funksiyasını ürək-ağciyər aparatı icra edir. Müasir dövrdə ehtiyat tədbirləri nəzərə alınmaqla bu metodun pasiyent üçün bəzi mümkün risklərin təsirləri minimuma endirilir.
Aorta koronar şuntlama əməliyyatı zamanı daralmış hissədən yan keçməklə aorta ilə tac damar arasında körpü şuntu qoyulur. Şuntlama üçün pasiyentin aşağı ətraflarından alınan venoz, yuxarı ətraf və döş qəfəsi sahəsindən alınan arterial damar ürəyin tac damarlarına şunt edilərək ürəyin qidalanması bərpa edilir. Qeyd edək ki şuntlama əməliyyatında istifadə edilən arteriya və venoz damarların çıxarılması da icbari tibbi sığorta ilə qarşılanır.
Əməliyyatla bağlı reanimasiya və stasionarda yatış, bu zaman istifadə olunan dərman və tibbi sərf icbari tibb sığorta təminatına daxildir. Bundan başqa yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr, qan və ya qan komponentləri sığorta ilə qarşılanır. Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.
Aorta koronar şuntlama əməliyyatı icbari tibbi sığorta hesabına Yeni Klinikada, Mərkəzi Neftçilər Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Lənkəran və Şirvan rayon mərkəzi xəstəxanalarında, eləcə də Agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında icra olunur.
Məlumat üçün bildirək ki, ürəyin işemik xəstəliyi - ürəyi oksigen və qida maddələri ilə təchiz edən damarların ötürücülük qabiliyyətinin pozulması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Xəstəlikdən əziyyət çəkən insanlar çox vaxt hərəkət edən zamanı sinədə və kürəkdə göynəmə, təngnəfəslik, sıxıntı hissindən şikayət edirlər. Vaxtında müalicə olunmadıqda damarlar tam tutulur və miokard infarktı baş verir. Miokard infarktın qarşısını almaq məqsədi ilə həkim mütəxəssis tərəfindən uyğun müalicə metodu seçilir. Xəstəliyin cərrahi müalicə metodlarından biri aorta koronar şuntlama əməliyyatıdır.
Xəbərlər
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
30 Sentyabr 2024 15:15
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
17 Sentyabr 2024 15:04
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59