24 İyun 2021 09:44

Təltifetmə mərasimi keçirilib

İyunun 23-də Təhsil Nazirliyinin təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə təhsil işçilərinin vaksinasiya prosesinin təşkilində iştirak edən “Məktəblinin dostu” layihəsinin əməkdaşları və məktəb direktorlarının mükafatlandırılması mərasimi keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə təhsil naziri Emin Əmrullayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının vaksinasiya prosesinin təşkilində fəaliyyətini yüksək qiymətləndirib. Nazir pandemiya dövründə  “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə aparılan xüsusi iş prosesindən də geniş söz açıb.

Emin Əmrullayev sonda təltif edilən əməkdaşları təbrik edib, məktəblinin dostlarına iş fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil işçilərinin vaksinasiyada fəal iştirakı peyvəndləmə prosesinin uğurla həyata keçirilməsinə öz töhfəsini verib. Zaur Əliyev təlim-tədris prosesinin fasiləsiz təmin olunması üçün vaksinasiya işinin bu cür yüksək səviyyədə təşkilinin təqdirəlayiq olduğunu deyib.

Daha sonra təhsil işçilərinin vaksinasiya prosesinin təşkilində iştirak edən 44 məktəblinin dostu, 10 heyət üzvü, 13 direktora sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.

Zəng sifariş et