27 Fevral 2020 19:36

Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatı - YENİLƏNİB

Saat 20:48

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən İran İslam Respublikası ilə sərhəd–keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaqdır.

*** 

Saat 19:36

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır.

Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunmuşdur.

Həmçinin, əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri 2020-ci il 28 fevral saat 10:00-dan fəaliyyət göstərəcəkdir.

Məlumat üçün bildiririk ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilmişdir.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, hazırda əhali arasında yoluxma halları aşkar edilməmişdir və narahatlıq üçün heç bir əsas yoxdur.

Zəng sifariş et