29 Fevral 2020 10:24

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatı - YENİLƏNİB

Saat 15:15

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunmuşdur.

Yaranmış vəziyyət İran İslam Respublikasının aidiyyəti dövlət qurumları ilə müzakirə olunmuş və Azərbaycan Respublikasının bu qərarı barədə İran İslam Respublikasına məlumat verilmişdir.

İran İslam Respublikası ilə əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaqdır.  

Zəruri hallarda, İran İslam Respublikası vətəndaşlarına humanitar əsaslarla vizaların rəsmiləşdirilməsi həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatı, dost və tərəfdaş dövlətlərlə koronavirus riski ilə əlaqədar təmasları və əməkdaşlığı davam etdirir.

**** 

Saat 14:40 

İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib. Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.