07 Mart 2020 16:49

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatı - YENİLƏNİB

Saat 16.30

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

****

Saat 12.46

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.

Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair Sərəncam qəbul olunub.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikası COVİD-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.

Zəng sifariş et