21 Sentyabr 2022 11:44
“Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvininq layihəsinin açılış mərasimi keçirilib
Sentyabrın 21-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi (Mərhələ 2)” tvininq layihəsinin rəsmi açılış mərasimi keçirilib. 2 il ərzində həyata keçiriləcək layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondu arasında əməkdaşlıq çərçivəsində icra olunacaq.
Tədbirdə Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və Komitənin üzvləri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, Səhiyyə, İqtisadiyyat və Maliyyə nazirliklərinin məsul əməkdaşları, Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidiyus Navikas, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Aİ-nin üzv dövlətlərinin və benefisiar dövlətin tərəfdaş qurumunun layihə rəhbərləri, digər aidiyyəti dövlət qurumlarının və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın ölkədə tətbiqini səhiyyə sahəsində aparılan uğurlu islahatlardan biri adlandırıb və tvininq layihəsinin reallaşmasına görə Avropa İttifaqına təşəkkürünü bildirib:
“Avropa İttifaqı ilə Agentlik arasında səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Avropa İttifaqının dəstəyi ilə 2017-2019-cu illərdə icra olunan tvininq layihəsinin birinci mərhələsini başa çatdırdıq. Əminliklə deyə bilərəm ki, islahatların uğurla nəticələnməsini şərtləndirən amillərdən biri də inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Avropa İttifaqı Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlara dəstək verən beynəlxalq təşkilatlardan biridir. Layihə çərçivəsində Avropa İttifaqına üzv olan ölkələrin bu sahədə ən yaxşı təcrübələri öyrənilərək ölkəmizdə tətbiq olunacaq”.
Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov insanların sağlamlığının qorunmasının Avropa İttifaqı üçün prioritet məsələlərdən olduğunu bildirib:
“İnsanların sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün qlobal çağırışlardan biri olaraq səhiyyə sisteminin maliyyə dayanıqlılığı təmin olunmalıdır. Bu gün səhiyyə sistemləri demoqrafik dəyişikliklərə, tibbi xidmətlərə artan tələbata uyğunlaşdırılmalı və səhiyyə sahəsində innovativ texnologiyalar ən yaxşı formada tətbiq edilməlidir. Səhiyyə islahatları hər kəsin yüksək keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməlidir. Bu layihə Azərbaycanla möhkəm tərəfdaşlıq münasibətləri əsasında icra olunur və ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına xidmət edir. Beləliklə də, biz Avropa təcrübəsini Azərbaycan səhiyyəsinə gətirməklə, ölkədə bu sektorun təkmilləşdirilməsini təmin edəcəyik”.
Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun baş icraçı direktoru, layihə rəhbəri Gintaras Kasaviçus layihənin əhalinin sağlamlığının qorunmasına və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına xidmət etdiyini qeyd edib. Onun sözlərinə görə, layihə icbari tibbi sığorta sisteminin hüquqi və institusional bazalarının gücləndirilməsinə, risklərin idarə edilməsinə, maliyyə və tibbi auditin, monitorinq və qiymətləndirmə sisteminin müasirləşdirilməsinə, yeni aktuar modellərin və proqnozlaşdırma üsullarının işlənilib hazırlanmasına, icbari tibbi sığorta sisteminin rəqəmsallaşdırılmasının asanlaşdırılmasına istiqamətlənib.
Açılış nitqlərindən sonra, üzv dövlətlər və benefisiar dövlət tərəfindən olan layihənin komponent liderləri, Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun direktor müavini Tatjana Golubajeva və Fondun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Lina Noreikiene, Agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov və İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin İnformasiya sistemlərinin idarəedilməsi departamentinin rəhbəri İbrahim İbrahimov təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 2022-ci ilin 20 avqustunda icrasına başlanılan layihə 2024-cü ilin avqustunadək davam edəcək.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49