25 Yanvar 2023 17:11

Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Cəlilabad rayonuna media-tur təşkil olunub. Media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarını, eləcə də Litva Respublikasının Milli Tibbi Sığorta Fondunun (Tvininq layihəsinin) nümayəndələrini Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.

Səfər çərçivəsində media-tur iştirakçıları Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX) və Cəlilabad Müalicə-Diaqnostika Mərkəzində (MDM) olublar.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, icbari tibbi sığortanın uğurlu tətbiqi üçün möhkəm maddi-texniki bazanın mövcudluğu və müxtəlif ixtisaslı həkim kadrlarının təminatı vacib amillərdəndir: “Səhiyyə islahatının əsasını təşkil edən icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasında, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir”.

H.İbrahimlinin sözlərinə görə, sığortanın tətbiqi ilə xəstəxanaya müraciətlərin sayı kəskin çoxalıb: “Cəlilabad rayonunda icbari tibbi sığortanın tətbiqinə 2021-ci ildən başlanılıb. 2020-ci il koronavirus pandemiyasına təsadüf etdiyindən müqayisəni 2021 və 2022-ci illər üzrə qeyd edəcəm. Belə ki, 2021-ci il ilə müqayisədə 2022-ci ildə xəstəxanaya daxil olan müraciət sayı 2 dəfə artıb (57 999-dan 122 515-ə). Son 2 il ərzində müraciətlər üzrə 335 910 ambulator, 52 500 stasionar xidmət göstərilib. Ümumilikdə 4170 cərrahi əməliyyat icra olunub”.

Cəlilabad RMX-nin direktoru Elnur Azadxanov qeyd edib ki, sistemin tətbiqi ilə bağlı aparılan struktur dəyişikliyinə əsasən Cəlilabad MDM də RMX-nin tabeliyinə verilib: “Xəstəxanada ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzi adlı şöbə fəaliyyət göstərir. Təcili yardımın keyfiyyətini artırmaq məqsədilə Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub”.

Direktor bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanada dördüncü nəsil cihazlarla təchiz edilmiş Mərkəzi Laboratoriya şöbəsi fəaliyyətə başlayıb: “Xidmətlər Zərfinə daxil olan 700-dən çox laborator müayinələrə əlçatanlıq təmin edilib. Burada fəaliyyət göstərən 5 bölmədə (Biokimya, İmmunokimya, Hematologiya, Mikrobiologiya, İmmunologiya) həm Cəlilabad rayonunun, həm də Salyan, Neftçala və Biləsuvar rayonlarının əhalisinə xidmət göstəriləcək”.

Həmçinin xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra mürəkkəb və dəyəri yüksək olan cərrahi əməliyyatlar (mədə, bağırsaq rezeksiyaları, qaraciyər, posttravmatik torakal əməliyyatlar və s.) icra olunur. Tibb müəssisəsində Reanimasiya şöbəsi müasir avadanlıqlarla təmin olunub. Şüa Diaqnostikası şöbəsinə 2 ədəd yeni nəsil USM (Ultrasəs müayinəsi) cihazı alınıb.

Məlumat verilib ki, tibb müəssisəsi 13 şöbə və 1 bölmədən ibarətdir. Ümumilikdə 200 çarpayılıq xəstəxanada Cərrahiyyə, Doğum və Ginekologiya, Terapiya, Pediatriya, Dializ, İnfeksion, Şüa diaqnostikası və digər şöbələr fəaliyyət göstərir.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin də əməkhaqlarında əsaslı artımlar olub: “Məqsəd həkimləri uyğun əməkhaqqı ilə təmin etmək, fəaliyyətlərini qiymətləndirmək və peşəkarlığın yüksəlməsinə maraqlarını artırmaqdır. Əməkhaqqı artımı ilə bağlı müvafiq qaydaya 5 dəfədən çox dəyişiklik olunub. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələrin verilməsinə başlanılmışdır. Belə ki, ötən ildən 40-a yaxın ixtisas üzrə çalışan həkimlərin aylıq sabit həvəsləndirici əlavələri artırılaraq vəzifə (tarif) maaşı əlavələrlə birlikdə minimum 1000 manat təşkil etmişdir.

Bundan əlavə həkimlərə işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Cəlilabad RMX-də 2021-ci ildə işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 650 manat olmuşdusa, 2022-ci ildə bu rəqəm 970-ə qədər yüksəlmişdir. Az öncə də qeyd etdiyim kimi həkim bu əlavədən başqa aylıq vəzifə (tarif) maaşı və aylıq sabit həvəsləndirici əlavə də alır.

Hətta qeyd edə bilərəm ki, işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləğinin 2021-ci ildə 4000 manatı, 2022-ci ildə isə 6000 manatı keçən həkimlərimiz də olmuşdur”.  

Daha sonra media nümayəndələri Agentliyin Cəlilabad rayonundakı filialında görülən işlər barədə məlumat alıblar. Filial rəhbəri İlqar Qurbanov bildirib ki, 2021-ci ildə yaradılan filial Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl inzibati ərazi vahidlərini əhatə edir: “Filial icbari tibbi sığortanın tətbiqinə dəstək göstərərək Agentliklə tibb müəssisələri arasında əlaqələndirməni həyata keçirir. Vətəndaşlardan daxil olan müraciətləri araşdıraraq, zəruri tədbirlər görür. Filial tərəfindən ümumilikdə 159 yazılı müraciət, 100-ə yaxın isə şifahi müraciət cavablandırılıb. Həmçinin icbari tibbi sığorta sahəsində maarifləndirmə işlərinə də dəstək olaraq filial tərəfindən 5 inzibati ərazidə 746 nəfərin iştirakı ilə tədbirlər təşkil olunub”.

Media-tur çərçivəsində media və qeyri-hökumət təşkilatlarının nümayəndələri Cəlilabad RMX-də müayinə olunublar.

 

Zəng sifariş et