14 Dekabr 2021 15:29

“Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda təlim keçirilib

Dekabrın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu” adlı təlim keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd Agentliyin fəaliyyətini və ümumilikdə icbari tibbi sığorta mövzusunu işıqlandıran media mənsublarına bu sahəni daha dolğun əks etdirmələri üçün ətraflı məlumat vermək, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək, habelə qeyri-hökumət təşkilatları ilə tərəfdaşlığı gücləndirməkdir.

Tədbirin açılışında çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi Agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biridir və bu işdə media ilə qeyri-hökumət təşkilatlarının rolu böyük əhəmiyyət daşıyır. A.Əhmədova həmçinin təlimin proqramı barəsində məlumat verərək Agentliyin cari ildə həyata keçirdiyi islahatları da diqqətə çatdırıb: “Tibb müəssisələrində aparılan struktur dəyişiklikləri ilə bağlı islahatların məqsədi dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir. Eyni zamanda islahat çərçivəsində xəstəxanalarda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin fəaliyyətə başlaması tibb müəssisələri ilə media arasında kommunikasiyanın gücləndirilməsinə xidmət edəcək”.

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə media nümayəndələrinin peşəkarlığının artırılması və müvafiq sahədə mütəxəssislərin hazırlanması ilə bağlı təlimlərin əhəmiyyətindən bəhs edib: “Müxtəlif sahələr üzrə media nümayəndələrinin bilik və bacarıqlarının artırılması həmin sahələrlə bağlı məlumatların cəmiyyətə doğru və dəqiq çatdırılmasında mühüm rol oynayır. Buna nail olmaq üçün Agentlik təsis edildiyi gündən müxtəlif qurumlarla birgə çoxlu sayda inkişaf proqramları və kompleks tədbirlər həyata keçirib. Bu günə qədər təşkil etdiyimiz 70-dən çox yerli və beynəlxalq təlimçilərin iştirak etdiyi müxtəlif təlimlər və ixtisasartırma proqramlarına 450-dən çox media nümayəndəsi cəlb olunub”.

Təlimin birinci hissəsində Agentliyin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər”, Agentliyin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov isə “Göndərişlərin verilmə qaydası” mövzusunda təqdimatlarla çıxış ediblər. Təlim iştirakçılarına həmçinin icbari tibbi sığorta çərçivəsində xidmət almış vətəndaşın hekayəsini əks etdirən videoçarx təqdim olunub.

Təlimin ikinci hissəsində Agentliyin İşçi Qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası. TƏBİB-in icbari tibbi sığorta sisteminin tətbiqində rolu”, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamə Musayeva isə “Agentlik ilə KİV və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi” mövzusu ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.

Təlimdə həmçinin praktik sessiya keçirilib. Belə ki, əvvəlcə iştirakçılara icbari tibbi sığorta ilə bağlı suallar verilib, daha sonra isə düzgün cavablar təqdim olunub.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.

Zəng sifariş et