14 Oktyabr 2022 11:00

Elektron səhiyyə strategiyası və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı üzrə seminar keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və Dünya Bankının təşkilatçılığı ilə “Təminatçının ödəniş sistemi: diaqnostikası və tövsiyələr; elektron səhiyyə üçün lazım olan qanunvericilik dəyişiklikləri üçün seçimlər” mövzularında iki sessiyadan ibarət məlumatlandırma seminarı keçirilib. Seminar Azərbaycan Hökuməti ilə Dünya Bankı Qrupu arasında aparılan əməkdaşlığa uyğun olaraq Elektron Səhiyyə Strategiyası və Tibbi İddiaların İdarəedilməsi Sisteminin İnkişafı üzrə Texniki Yardım Layihəsi çərçivəsində təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev seminarda müzakirə olunan mövzuların səhiyyənin inkişafı üçün vacib olduğunu bildirib. Z.Əliyev Dünya Bankının müxtəlif layihələrlə hər zaman Agentliyə dəstək verdiyini ifadə edib:

“TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektronlaşma ilə bağlı çox böyük işlər görülüb. Xəstəxanalarda artıq bütün pasiyentlərin qeydiyyatı elektron formada aparılır. Vətəndaşlar şəxsi kabinetə daxil olub aldıqları tibbi xidmətlərə dair məlumatı onlayn əldə edə bilirlər. 50-yə yaxın tibb müəssisəsinin laboratoriyası elektronlaşıb. Görülən işlərə rəğmən ümumi sistemdə fraqmentasiyalar mövcuddur. Elektron səhiyyə ilə bağlı ölkədə ümumi bir platformanın yaradılması müzakirə olunur. Bu platformaya Səhiyyə Nazirliyi, TƏBİB, digər nazirliklərin tabeliyindəki tibb müəssisələrinin, həmçinin özəl tibb müəssisələrinin inteqrasiyası nəzərdən keçirilir. Hesab edirəm ki, Dünya Bankının bu işdə bizə verdiyi təklif və tövsiyələr faydalı olacaq”.

Daha sonra çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, Azərbaycanda səhiyyənin rəqəmsallaşması nəticəsində əldə olunacaq böyük həcmli tibbi məlumatların düzgün və qanunvericiliyə uyğun istifadə olunması üçün möhkəm hüquqi baza yaradılmalıdır:

“Ölkəmizdə aparılan səhiyyə islahatları çərçivəsində çoxlu yeniliklər var. Bura icbari tibbi sığortanın tətbiqi və səhiyyənin rəqəmsallaşması istiqamətində aparılan işlər aiddir. Aparılan səhiyyə islahatları həmçinin ölkəmizdə universal tibbi təminatın bərqərar olunmasına yönəlib. Universal tibbi təminat səhiyyənin rəqəmsallaşması, möhkəm hüquqi bazanın yaradılması və  təminatçılara ödəniş sistemi ilə bağlıdır. Səhiyyə Nazirliyi tərəfindən ölkədəki müxtəlif tibb müəssisələrinin vahid elektron platforma üzərində çalışması üçün işlər aparılır. Səhiyyədə rəqəmsal tətbiqlərdən istifadə müvafiq məlumatların təhlükəsiz şəkildə emalını, mübadiləsini və saxlanılmasını nəzərdə tutur. Bu gün beynəlxalq ekspertlərin bu mövzuda səsləndirəcəyi fikirləri öyrənmək çox maraqlı olar”.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov çıxışında Azərbaycanda səhiyyə sisteminin inkişafı, icbari tibbi sığorta, tibbi xidmətlər və elektron səhiyyə sahələri üzrə analitik dəstək məsələlərinin maraqlı tərəflərlə müzakirəsinin faydalı olacağını bildirib:

“Azərbaycan səhiyyə qurumları Dünya Bankı ilə uzun müddətdir əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi olaraq çox effektiv işlər görülüb. Ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta sisteminin gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədi ilə səhiyyə qurumları arasında koordinasiyalı fəaliyyət planı artıq müəyyən olunub. Beynəlxalq təcrübənin öyrənilməsi və vahid elektron bazanın daha da təkmilləşdirilməsi səhiyyə qurumlarının əsas prioritetlərindən biridir. Əminəm ki, seminar ərzində müzakirə ediləcək mövzular səhiyyə sahəsinin gücləndirilməsinə öz töhfəsini verəcək”.

Dünya Bankının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin vəzifələrini icra edən Səidə Bağırlı Yaponiya hökumətinin maliyyə dəstəyi ilə icra olunan texniki yardım layihəsi çərçivəsində müzakirə olunan məsələlərin vacibliyindən danışıb:

“Bütün həmkarlarımıza, hökumətdəki tərəfdaşlarımıza - Səhiyyə Nazirliyi, Agentlik, TƏBİB, həmçinin ÜST-ə Azərbaycanda səhiyyənin inkişafı sahəsində gördükləri davamlı işlərə görə təşəkkür edirəm. Dünya Bankı və Azərbaycan arasında səhiyyə sahəsində yaxşı əməkdaşlıq tarixi var. Hazırda Dünya Bankının səhiyyə sahəsində iştirak  etdiyi layihələr rəqəmsallaşma, universal tibbi xidmətlərə əlçatanlığın artırılması, qlobal sistemlərə inteqrasiya kimi məsələləri özündə ehtiva edir. Biz bu gün qaldırılan məsələləri və müzakirələri hərtərəfli təhlil edəcəyik”.

Daha sonra Dünya Bankının ekspertləri təqdimatlarla çıxış ediblər. Onlar tibb təchizatçılarına ödənişlərin həyata keçirilməsi mexanizminə dair aparılmış təhlilin nəticələrini və bu sahədəki əsas çətinlikləri diqqətə çatdırıblar. Ekspertlər sözügedən mexanizmin gücləndirilməsi üçün tövsiyələrini və ən yaxşı beynəlxalq təcrübəni tədbir iştirakçılarına təqdim ediblər. Təqdimatlarda həmçinin Azərbaycanda elektron səhiyyənin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilməli olan dəyişikliklərdən danışılıb.

Təqdimatlardan sonra keçirilən sual-cavab sessiyalarında təhlillərin nəticələri müzakirə olunub.

Qeyd edək ki, layihə çərçivəsində Dünya Bankının nümayəndələri həmçinin tibb təchizatçılarına ödənişlərin həyata keçirilməsi ilə bağlı mövcud mexanizmlə əyani tanış olmaq üçün ilkin tibbi-sanitariya yardımı və stasionar tibbi xidmət üzrə fəaliyyət göstərən tibb müəssisələrinə baş çəkiblər. Onlar həmçinin Səhiyyə Nazirliyi, Agentlik, TƏBİB və digər maraqlı tərəflərlə görüşlər keçiriblər.

 

Zəng sifariş et