23 Fevral 2022 17:37

Əməkdaşlıq haqqında memorandum imzalanıb

23 fevral 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev “Dördüncü Sənaye İnqilabında Trendlər” mövzusunda keçirilən tədbirdə iştirak edib. Tədbirdə Agentlik və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (Mərkəz) publik hüquqi şəxs arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Mərkəzin İcraçı direktoru Tamerlan Tağıyev imzalayıb.

İmzalanma mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov iştirak ediblər.

Memorandum çərçivəsində rəqəmsal səhiyyə platformasının yaradılması, səhiyyənin rəqəmsallaşması sahəsində birgə təşviqat proqramlarının həyata keçirilməsi, Dördüncü Sənaye İnqilabının yaratdığı imkanların səhiyyə sektorunda tətbiqi və yeni texnologiyaların səhiyyə sahəsinə inteqrasiya imkanlarının araşdırılması üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.  

Mərkəzin beynəlxalq tərəfdaşlarla səhiyyə sahəsində mövcud olan təcrübələrinin öyrənilməsi və Agentliyə ötürülməsi, birgə elmi konfransların təşkili və elmi məqalələrin hazırlanması da həyata keçiriləcək.

Zəng sifariş et