21 Dekabr 2021 10:16

Həkim məsləhət komissiyalarının işinin təşkili və idarə olunmasına dair təlim keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə “Həkim məsləhət komissiyalarının işinin təşkili və idarə edilməsi” mövzusunda təlim təşkil olunub. 

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən təlimdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilmiş Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon mərkəzi xəstəxanalarının direktorları, həmin xəstəxanların nəzdində fəaliyyət göstərən həkim məsləhət komissiyalarının sədrləri, poliklinika şöbələrinin və ailə sağlamlıq mərkəzlərinin müdirləri, Agentliyin Quba filialının rəhbəri və Çağrı mərkəzi xidmətinin əməkdaşları iştirak ediblər.  

İştirakçılara Həkim Məsləhət Komissiyasının işinin təşkilində istinad olunan hüquqi sənədlər, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilmə Qaydası”,  “Əmək qabiliyyəti olmamaq vərəqələrinin  təmin edilməsi, qeydiyyatı saxlanılması və doldurulması Qaydası”, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”  haqqında ətraflı məlumat verilib.

Təlimdə həmçinin “Həkim Məsləhət Komissiyasının rəylərinin qeydiyyatı kitabının təhlili”, “Əmək qabiliyyətinin itirilməsi vərəqələrinin qeydiyyatı kitabının təhlili” və “Tibbi-Sosial Ekspert Komissiyasına verilən göndərişin (TQS № 088) təhlili” mövzularında təqdimatlarla çıxışlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.       

Məruzəçi qismində Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Əlillik məsələləri üzrə nəzarət şöbəsinin koordinatoru Şöhrət Söyziyev, 13 nömrəli Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova, 20 nömrəli Şəhər Poliklinikasının baş həkiminin inzibati məsələlər üzrə müavini Tahirə Əfəndiyeva, Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov və 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim nevropatoloqu Elşad Əliyev çıxış ediblər.

Qeyd edək ki, respublika üzrə fəaliyyət göstərən tibb müəssisələrinin həkim məsləhət komissiyyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədini daşıyan analoji təlimlərin digər tibb müəssisələrinin əməkdaşlarına da keçirilməsi nəzərdə tutulub. Hazırda TƏBİB-in tabeliyindəki 143 tibb müəssisəsi tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququna malikdir. Həmin  tibb müəssisələrinin siyahısı ilə buradan tanış olmaq olar.