24 İyun 2016 11:21

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssislərinin Ankara səfəri başa çatıb

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Türkiyə Respublikasının Sosial Güvənlik Qurumunun dəvəti ilə iyunun 21-i və 22-də Ankara şəhərində səfərdə olublar.

Səfər müddətində Türkiyənin səhiyyə naziri Rəcəp Akdağ Azərbaycan nümayəndə heyətini qəbul edib. Nazir görüşdə icbari tibbi sığortanın Türkiyə Respublikasında uzun müddətdir tətbiq olunduğunu bildirib. O, icbari tibbi sığortanın ölkə ərazisində tam şəkildə əhatə olunmasının 2013-cü ildə yekunlaşdığını, bu müddətdə meydana çıxan çətinliklər, icbari tibbi sığortanı tətbiq etmiş digər ölkələrdən üstünlüklər barədə geniş məlumat verib.

Agentliyin direktoru Zaur Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, gələcək planlar barədə söhbət açıb.

Səhiyyə naziri R.Akdağ Agentliyin gələcək işlərində Türkiyənin təcrübəsindən faydalanmasına ehtiyac olduğu təqdirdə dəstək verməyə daim hazır olduqlarını bildirib.

Agentliyin direktoru Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sosial Güvənlik Qurumunun rəhbərliyi və nümayəndələri ilə görüşüb.

Nümayəndə heyəti görüşdə Sosial Güvənlik Qurumunun əhali, eləcə də tibb müəssisələri arasında qurulmuş münasibətləri ilə tanış olub, Türkiyənin tibbi sığortanın tətbiqi sahəsində təcrübəsini öyrənib, habelə tibbi sığortanın təşkili sahəsində informasiya texnologiyalarının tətbiqi imkanlarını araşdırıb. Agentlik mütəxəssisləri ölkəmizdə icbari tibbi sığortanın həyata keçirilməsi üçün müvafiq sahələrdə Türkiyə təcrübəsini öyrənib.

Zəng sifariş et