10 Mart 2020 19:10

Koronavirus infeksiyasına yoluxmuş 3 nəfər sağalıb, 312 nəfər isə karantin müddətini başa vuraraq sərbəst buraxılıb

Saat 21.45

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.

Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri sabitdir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bundan əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

****

Saat 18.49

Azərbaycan Respublikasında koronavirus (COVİD - 19)  infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.

Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmamış və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılmışdır.

Hazırda karantində olan digər şəxslərin müayinəsi davam etdirilir.

Zəng sifariş et