15 Avqust 2024 12:03
Miomektomiya əməliyyatı icbari tibbi sığorta təminatına daxildir
Miomektomiya uşaqlıq mioması adlanan törəmələrin çıxarılması üçün həyata keçirilən cərrahi əməliyyatdır. Uşaqlıq mioması uşaqlıq divarının əzələ qatından inkişaf edən xoşxassəli şişlərdir və çox zaman ağrı, anomal qanaxma, anemiya və reproduktiv problemlərə səbəb olur. Miomektomiya əməliyyatı miomaların qadın sağlamlığına mənfi təsirlərini azaltmaq və reproduktiv sistemin funksionallığını bərpa etmək məqsədi daşıyır. Bu əməliyyat miomaların xaric edilməsi ilə qeyd olunan problemləri aradan qaldırır və qadınların həyat keyfiyyətini yüksəldir. İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 710 sayda miomektomiya əməliyyatı icra olunub.
Hazırda icbari tibbi sığorta çərçivəsində miomektomiya əməliyyatı üç müxtəlif üsulla vətəndaşlara ödənişsiz həyata keçirilir. Ənənəvi açıq miomektomiya (laparotomiya) metodu qarın divarında kəsik aparmaqla icra edilir. Bu üsul daha böyük ölçülü və çoxsaylı miomaların çıxarılması üçün üstünlük verilən bir üsuldur.
Digər bir üsul laparoskopik miomektomiya qarın divarında açılan bir neçə dəlikdən minimal invaziv şəkildə kiçik və az sayda miomaların çıxarılması üçün icra olunur və bərpa müddəti daha qısa çəkir.
Üçüncü üsul isə histeroskopik miomektomiya adlanır və bu metod uşaqlıq boşluğuna uşaqlıq yolu və uşaqlıq boynundan daxil olmaqla aparılır. Bu minimal invaziv prosedur, xüsusilə uşaqlıq boşluğuna doğru inkişaf edən miomalar (submukoz) üçün daha məqsədəuyğun metod hesab edilir. Hər bir üsulun seçimi xəstənin ümumi sağlamlıq vəziyyəti, xəstəliyin klinikası, miomaların sayı, ölçüsü və yerləşməsi kimi amillər nəzərə alınaraq həkim tərəfindən təyin edilir.
Əməliyyatdan əvvəl lazım olan funksional diaqnostik və laborator müayinələr sığorta təminatına daxildir. Bu müayinələrin icrası xəstəliyin dəqiq diaqnostikası, əməliyyatın planlaşdırılması və baş verə biləcək ağırlaşmaların qarşısının alınması üçün vacibdir.
Stasionar tibbi xidmət zamanı reanimasiya və stasionarda yatış, icra edilmiş laborator və instrumental müayinələr, dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta hesabına həyata keçirilir.
Miomektomiya əməliyyatı TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında həkim göstərişi əsasında icra olunur.
Xəbərlər
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59
Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib
27 Avqust 2024 17:47
Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
23 Avqust 2024 15:31
İcbari tibbi sığorta bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi əməliyyatını qarşılayır
20 Avqust 2024 10:22
İcbari tibbi sığorta şişönü xəstəliklərin erkən diaqnostikasını qarşılayır
12 Avqust 2024 09:34
Agentliyin “1542” Çağrı mərkəzi 95%-dən çox zəng cavablandırıb
07 Avqust 2024 14:37
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 165-ə çatdırılıb
30 İyul 2024 11:19
Gəncə şəhərində uşaqlar tibbi müayinədən keçib
29 İyul 2024 12:03