14 Aprel 2023 11:30
Ana və uşaq sağlamlığının qorunması üçün müasir tibbi avadanlıqlar alınıb
Ana və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması məqsədi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən müasir tibbi avadanlıqlar, cihazlar və alətlər alınıb. Yeni alınmış tibbi avadanlıqlar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hamilə qadınların, habelə perinatal, neonatal və postneonatal dövrlərdə uşaqların müxtəlif müayinə və müalicəsində istifadə olunacaq.
Transabdomenal və transvaginal ginekoloji müayinələrin aparılması üçün 27 ədəd müasir ultrasəs cihazı alınıb. Bu müayinə metodlarından uşaqlıqdaxili polipləri, mioma və törəmələrin aşkarlanmasında istifadə olunur. İcbari tibbi sığortanın təminatına daxil olan ginekoloji ultrasəs müayinəsi ilə bir çox xəstəlikləri müəyyən etmək mümkündür. Ginekoloji USM zamanı uşaqlıq, yumurtalıqlar, uşaqlıq boynu, borular və kiçik çanaq nahiyəsi müayinə edilir.
Hamiləliyin gedişatının izlənilməsi üçün alınmış 9 ədəd üçölçülü (3D) USM cihazı isə dölün inkişaf etaplarının daha dəqiq görüntülənməsinə imkan verir. Bu müayinə metodu ilə hamiləliyin daha erkən mərhələlərində dölün fizioloji və patoloji inkişafı haqqında məlumat əldə edilir. İkiölçülü (2D) USM aparatlarından fərqli olaraq, innovativ müayinə metodu olan 3D USM texnologiyasının köməyi ilə müayinə edilən nahiyə daha dəqiq təsvir olunur, bu da müalicə həkiminin operativ qərarlar verməsini mümkün edir.
Bununla yanaşı, ana bətnində dölün ürək döyüntülərinə əsasən vəziyyətinin qiymətləndirilməsinə imkan verən 10 ədəd kardiotokoqrafiya (KTQ) cihazı alınıb. KTQ müayinəsi vasitəsilə həmçinin bətndaxili oksigen çatışmazlığını (hipoksiya) və uşaqlığın tonusunu qiymətləndirmək mümkündür. Qeyd edək ki, dölün kardiotokoqrafiyası hamiləliyin 28-ci həftəsindən sonra tibbi göstəriş əsasında aparılır.
Vaxtından əvvəl doğulmuş körpələrin saxlanılması üçün 50 ədəd inkubator (küvez) və 20 ədəd fototerapiya cihazı alınıb. Sensorlu panel vasitəsi ilə inkubatorlarda havanın və körpənin bədən hərarətinə, rütubətə nəzarət etmək mümkündür. Yenidoğulmuşların rentgenoloji müayinəsi üçün küvezlər rentgen kasetlərlə təchiz edilib.
Fototerapiya cihazları yenidoğulmuşlarda hiperbilirubinemiyanın (neonatal sarılıq) səviyyəsini aşağı salmaq üçün istifadə edilir. Fototerapiya cihazları 430-490 nanometr dalğa uzunluğuna uyğun işıq yayan diod (LED) lampalarla təchiz edilib. Bu da müalicənin effektiv olması üçün əsas amillərdən biridir.
Vəziyyəti ağır olan vaxtından əvvəl doğulmuşların respirator terapiyası üçün isə 20 ədəd süni tənəffüs cihazı alınıb. Cihazlar yenidoğulmuşları fasiləsiz oksigenlə təmin etməklə onların həyatda qalması üçün nəzərdə tutulub.
Ginekoloji müayinələrin aparılması üçün 10 ədəd sadə və motorlu masa, 10 ədəd kolposkop, 20 ədəd müayinə lampası və 20 ədəd portativ lampa alınıb. Həmçinin uşaqların həzm sisteminin endoskopik müayinəsi üçün 1 dəst pediatrik qastroskopiya cihazı alınıb.
Bunlardan əlavə, yeni alınmış 20 ədəd uşaq bələmə masası, 20 ədəd uşaq tərəzisi, yeni doğulmuşlar üçün 20 ədəd süni tənəffüs aparatı, 20 ədəd tərəzi, 10 ədəd elektrik mühərrikli pediatrik çarpayı, 50 ədəd beşik tipli çarpayısının perinatal mərkəzlərə və doğum evlərinə verilməsi planlaşdırılır.
Qeyd edək ki, Agentlik tərəfindən 2022-ci ildə ümumilikdə 108 adda 1768 sayda avadanlıq, cihaz, alət və ləvazimat alınıb. Bunlar dövlət tibb müəssisələrində ambulator və stasionar şəraitdə tibbi xidmətlərin göstərilməsi üçün istifadə olunacaq.
Avadanlıqların 2023-cü il ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin ehtiyaclarına uyğun təhvil verilməsi nəzərdə tutulub.
Xəbərlər
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10 Oktyabr 2023 11:07