02 Mart 2022 14:24

Müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə psixoloji və sosial xidmət göstərən mütəxəssislər üçün təlim keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), fəxri sədri Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə xanım Ərdoğan olan İctimai İnkişaf Mərkəzinin Təhsil və Sosial Həmrəylik Dərnəyi (Togem-Der), Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Ankara Universiteti və Ankara Ticarət Palatasının təşəbbüsü və təşkilatçılığı ilə “Qazilərin Gücləndirilməsi Layihəsi”sinin onlayn açılış mərasimi keçirilib.

Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcı, Türkiyə Böyük Millət Məclisinin Ərizə Komissiyasının sədri, millət vəkili Mihrimah Belma Satır, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Ankara Universitetinin Tibb elmləri fakültəsinin dekanı Əminə Özmete, Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsel Baran və Togem-Der İdarə Heyətinin sədri Füsun Türken Uysal açılış nitqləri ilə çıxış ediblər.

Layihənin əsas məqsədi ölkəmizdə şəhid və qazi ailələrinə sahə xidməti göstərən psixoloq, psixiatr və sosial işçilərin bilik və bacarıqlarını artırmaq və bu sayədə müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinin ruhi və psixoloji vəziyyətinin yaxşılaşmasına nail olmaqdır.

Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası tərəfindən müxtəlif sahələrdə olduğu kimi səhiyyə sahəsində də göstərilən dəstəyə görə təşəkkürünü bildirib: “Agentlik qardaş ölkə Türkiyənin müvafiq səhiyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində mütəmadi olaraq qarşılıqlı səfər və görüşlər təşkil edir. Bu gün birgə həyata keçirdiyimiz “Qazilərin Gücləndirilməsi Layihəsi” də bu əməkdaşlığın bariz nümunəsidir”.

Z. Əliyev diqqətə çatdırıb ki, Vətən müharibəsi iştirakçılarına psixiatrik və psixoloji yardımın göstərilməsi ilə bağlı təşkil edilən müayinə aksiyasında məhz Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkim-psixiatrlar tərəfindən Bakı şəhərində 100-dən çox şəxsə xidmət göstərilib.

İdarə Heyətinin sədri eyni zamanda dövlət siyasətin uyğun olaraq Agentliyin respublikanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslər və şəhid ailəsi üzvlərinin müalicəsi istiqamətindəki fəaliyyətindən bəhs edib: “Ötən il ərzində 8 500-dən çox İkinci Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsi üzvünə icbari tibbi sığorta çərçivəsində 120 mindən çox tibbi xidmət göstərilib”.

Qeyd edək ki, 3 mərhələdən ibarət olan layihənin ilk mərhələsində Ankara Universitetinin 10 təlimçisi tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində çalışan psixoloq və psixiatrlar, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssislərindən ibarət 70-dən çox əməkdaşa onlayn təlimlər keçiriləcək. 01-11 mart tarixlərini əhatə edəcək psixososial təlim proqramı “Böhranlara müdaxilə", "Özünə zərər vermə davranışlarının qarşısının alınması" və "İlkin psixoloji yardım" kimi əhəmiyyətli mövzuları əhatə edir.

Layihənin ikinci mərhələsinin cari ilin aprel ayında ölkəmizdə təşkil olunması nəzərdə tutulur. Belə ki, Türkiyəli mütəxəssislərdən ibarət nümayəndə heyəti təlimdə iştirak etmiş şəxslərlə görüşlər keçirəcək və öyrədilən biliklərin təhlilini aparacaq. Sonuncu mərhələdə isə onlayn iclaslar vasitəsilə iştirakçılar nəticələri müzakirə edəcək və layihənin səmərəliliyi qiymətləndiriləcəkdir.

Zəng sifariş et