08 Dekabr 2022 17:30
Fiziki aktivlik və sağlam qidalanmanı təbliğ edən portal istifadəyə verilir
08 dekabr 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü və “Novo Nordisk” şirkətinin dəstəyi ilə “Sağlam çəkiyə doğru” mövzusunda tədbir keçirilib. Tədbirdə əhali arasında artıq çəki ilə mübarizə və sağlam qidalanma istiqamətində maarifləndirməni artırmaq məqsədi ilə yaradılmış onlayn platforma nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev son dövrlər bütün dünyada olduğu kimi ölkəmizdə də artıq çəkinin yaratdığı xəstəliklərdən əziyyət çəkən insanların sayının artdığını bildirib: “Artıq çəki həm də şəkərli diabet, hipertoniya, ürək-damar, mədə-bağırsaq və başqa xəstəliklərin yaranmasına səbəb olur. Misal olaraq 2020-ci illə müqayisədə ötən il şəkərli diabet xəstələrinin sayı 18% artıb. Cari ilin yanvar ayına olan məlumata görə ölkədə şəkərli diabetlə yaşayan 306 219 nəfər qeydiyyatdadır. Əhalinin sağlamlığının qorunması sahəsində səhiyyə qurumlarının üzərinə düşən vəzifələrdən biri də xəstəliklərin profilaktikası ilə bağlı əhali arasında maarifləndirmə işini aparmaqdır. İnkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, xəstəliklərin qarşısının alınmasının bir yolu da fiziki aktivliyin təbliği, zərərli vərdişlərdən və qidalardan çəkinməyə yönəlik tövsiyələrin verilməsi ilə mümkündür”.
Zaur Əliyev əlavə edib ki, Agentlik beynəlxalq tərəfdaşı olan Novo Nordiskin yerli nümayəndəliyi ilə birgə sözügedən istiqamətdə bir sıra layihələr həyata keçirərək sağlam həyat tərzinin təşviqinə çalışmışdır.
“100 ilə yaxındır ki, Novo Nordisk ciddi xroniki xəstəliklə yaşayan insanların mövcud tibbi ehtiyaclarını innovativ dərman vasitələri və rəqəmsal sağlamlıq həlləri hesabına qarşılayır. Bu gün bizim məhsullarla aparılan müalicə diabet, piylənmə, nadir qan və endokrin xəstəlikləri ilə yaşayan milyonlarla insana fayda verir. Bu ciddi xroniki xəstəliklər bütün dünyada yüz milyonlarla insanın həyatına təsir edərək sağlamlıqla bağlı ən aktual problemlərdən birinə çevrilib. Novo Nordisk həmçinin xroniki xəstəliklərin profilaktikasına sərmayə yatırır. Şirkətin müxtəlif qurumlarla əməkdaşlığına təkan verən başlıca amil şəkərli diabet, piylənmə və digər ciddi xroniki xəstəliklər üzrə konsepsiyalarına uyğun olaraq müsbət dəyişikliklərə nail olmaq cəhdidir”.
Danimarka Krallığının Türkiyə və Azərbaycandakı səfiri Denni Annan bildirib ki, Novo Nordiskin Azərbaycanda fəaliyyəti iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, səhiyyə sahəsində davam edən ticari əlaqələr və əməkdaşlıq hər iki ölkəni güclü edir. Səfir ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafı və daha geniş spektri əhatə etməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Dünyada artıq çəki və piylənməyə məruz qalan insanların sayının ilbəil artdığını deyən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bir çox xəstəliklərə yol açan problem uşaqlar arasında da geniş yayılmaqdadır. Komitə sədri artıq çəki ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində Agentliyin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. Millət vəkili bildirib ki, rəhbərlik etdiyi Səhiyyə komitəsi əhalinin sağlamlığının qorunması sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində bundan sonra da çalışmağa davam edəcək.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, əhali arasında fiziki aktivliyi təbliğ etmək, ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və insanları sağlam həyat tərzinə sövq etmək kimi hədəflər TƏBİB-in prioritet istiqamətlərindən biridir. V.Qurbanov Dövlət Statistika Komitəsinin son hesablamalarına istinad edərək bildirib ki, ölkəmizdə reproduktiv yaş həddində olan şəxslərin 30-60%-i artıq çəkidən, 25-27%-i isə piylənmədən əziyyət çəkir. O, artıq çəkinin yaratdığı xəstəliklərlə mübarizədə aidiyyəti dövlət qurumlarının həmrəylik nümayiş etdirməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsinin Diabetologiya, Endokrinologiya və Metabolizm bölməsinin professoru Volkan Yumuk “Piylənmənin effektiv idarə olunması: Türkiyə təcrübəsi”, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə “Məktəbyaşlı uşaqlar arasında sağlamlıq vərdişlərinin öyrənilməsinə dair sorğu”nun nəticələri və Respublika Endokrinoloji Mərkəzinin direktoru Nərmin İsmayılova “Piylənmə və Diabet, İki dünya pandemiyası” mövzularında təqdimatlarla çıxış ediblər.
Məlumat üçün bildirək ki, Agentlik, TƏBİB və “Novo Nordisk” şirkətinin Azərbaycandakı nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycanda diabetin və piylənmənin idarə olunması, həmçinin nadir xəstəliklərin (boy hormonu çatışmazlığı, hemofiliya) müalicəsi üçün birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Fiziki aktivlik və sağlam qidalanmanı təbliğ edən portal (saglamceki.az) 2023-cü ildən istifadəyə veriləcək.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49