22 Fevral 2022 17:46

ÜST-nin nümayəndələri ilə Agentlikdə görüş keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin proqram meneceri Datta Siddhartha Sankar və eyni bölmənin Analiz və monitorinq şöbəsinin qrup rəhbəri Roberta Pastore ilə görüşüb.

Görüşdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ÜST-nin Azərbaycan ofisinin rəhbəri Hande Harmancı və “COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi”nin Azərbaycan üzrə meneceri Sevinc Həsənova, Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, TƏBİB-in Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva iştirak ediblər.

Görüşdə 2021-ci ilin iyun ayından Avropa İttifaqı və ÜST-nin birgə həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi” haqqında danışılıb. Qeyd olunub ki, layihə çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə   peyvəndlərin soyuq zəncir prinsipinə uyğun olaraq daşınması və saxlanılması üçün avadanlıqların təhvil verilməsi planlaşdırılır.

Vurğulanıb ki, layihə çərçivəsində indiyədək paytaxt və bölgələrdəki tibb müəssisələrində çalışan 673-ü həkim və 2204-ü tibb bacısı olmaqla ümumilikdə peyvəndləmə prosesində iştirak edən 2877 tibb işçisinə təlimlər keçirilib. Görüşdə həmçinin ÜST-nin Azərbaycana rutin immunizasiya ilə bağlı dəstəyi, peyvəndlənmənin əhalinin sağlamlığının qorunmasında əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 24 fevraladək davam edəcək səfərin məqsədi ölkə üzrə COVID-19 əleyhinə vaksinasiyaya və 2030-cu ilədək həyata keçirilməsi nəzərdə tutulan Avropa üzrə immunlaşdırma gündəliyinə istinadən rutin immunlaşdırma ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək məsələlərini müzakirə etməkdir.

Zəng sifariş et