19 Aprel 2017 15:05
Yevlax rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta çərçivəsində yeni sistemin tətbiqinə başlanılıb
Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiqi uğurla davam edir. Yevlax rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə bir sıra yeniliklər həyata keçirilib. Burada fəaliyyətə başlayan Ailə Sağlamlıq Mərkəzi vətəndaşların tibbi xidmətlərə əlçatanlığını artırmaq məqsədi ilə yaradılıb. Bu mərkəzdə xəstələr ilkin olaraq ailə həkimləri tərəfindən müayinə və müalicə edilir, zərurət yaranarsa, xəstəxanaya və ya ixtisaslaşmış həkimlərin müayinə və müalicəsi üçün istiqamətləndirilir.
Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov daha bir yenilik haqqında məlumat verib. Belə ki, Yevlax rayonunun əhalisinə xidmət göstərən Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə Yevlax Mərkəzi Rayon Xəstəxanası nəzdində TTTY şöbəsi qurulmuş və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılmışdır.
Yeni tipli TTTY xidməti xəstənin ambulans üçün çağırışından başlamış onun tibbi xidmətin digər səviyyəsinə (İSX, ambulator və ya stasionar tibbi xidmət) yaxud evə göndərişinə qədər olan mərhələləri əhatə edir. Ambulans çağırışı zamanı xəstənin vəziyyəti qiymətləndirilir, ilkin tibbi yardım üçün məsləhətlər verilir və xəstənin ehtiyaclarına uyğun olaraq həkim briqadası göndərilir. Xəstə ambulansla xəstəxanaya gətirildikdə və ya fərdi qaydada özü müraciət etdikdə TTTY şöbəsinə qəbul zamanı xəstənin vəziyyəti qiymətləndirilir və onun statusu “təxirəsalınmaz”, “təcili” və ya “təcili olmayan” hallar üzrə müəyyən edilir. İlkin tibbi müdaxiləyə daha çox ehtiyacı olan xəstələrə dərhal tibbi xidmət göstərilir. İlkin tibbi xidmətdən sonra xəstələr əlavə müayinə və müalicəyə ehtiyac olduqda tibbi xidmətin digər səviyyələrinə yönləndirilir, hər hansı bir tibbi xidmətə ehtiyac olmadıqda isə evə buraxılır. Şöbədə ilkin cərrahi, ilkin travmatoloji, pediatrik və reanimasiya xidmətlərinin həyata keçirilməsi üçün şərait mövcuddur.
“Triaj” sistemi xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lüzumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır.
Yevlax rayonunda reallaşdırılan daha bir yenilik isə diaqnostik laboratoriyanın yenidən qurulmasıdırdır. Hazırda, Mərkəzi Xəstəxanada 24 saat fəaliyyət göstərən müasir avadanlıqlarla təmin olunmuş yeni laboratoriya qurulub. Ən müasir tələblərə cavab verən laboratoriyada güclü maddi-texniki baza yaradılıb, laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb, həkim otaqları kompüter, internet və telefonla təmin edilib, laborator müayinə nəticələrinin kağız üzərində arxivləşdirilməsinə son qoyulub. Laboratoriyada aparılan müayinələr avtomatlaşdığından müayinə nəticələrinin cavablandırılması üçün də daha az vaxt sərf olunur. Gələcəkdə xəstələr öz müayinə nəticələrini xəstəxanaya gəlmədən belə, onlara verilmiş kod əsasında internet vasitəsi ilə əldə edə biləcəklər.
A.İsmayılovun bildirdiyinə əsasən, növbəti mərhələdə uşaqların profilaktik vaksinasiyası haqqında da məlumatların valideynlərə bildirilməsi avtomatlaşdırılacaq. Belə ki, xüsusi proqramın köməyi ilə valideynlərə övladlarının növbəti peyvənd tarixi barədə SMS vasitəsilə bildiriş göndəriləcək. Məqsəd uşaq əhalisinin profilaktik vaksinasiyasından yayınmasının və mümkün gecikmələrin qarşısını almaqla, əhalinin sağlamlığının qorunmasını təmin etməkdir.
Xəbərlər
Agentliyin dəstəyi ilə ilk dəfə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanasında ürək-damar cərrahiyyəsi mümkün olacaq
03 Fevral 2023 15:40
Zaur Əliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
27 Yanvar 2023 17:16
Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
25 Yanvar 2023 17:11
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
25 Yanvar 2023 16:35
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib
24 Yanvar 2023 17:00
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
19 Yanvar 2023 16:19
Agentliyin maarifləndirmə kampaniyası uğurla icra olunub
18 Yanvar 2023 15:30
TƏBİB-in tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya təlimi keçirilib
27 Dekabr 2022 11:35
Zaur Əliyev Şamaxı rayonunda vətəndaşları qəbul edib
23 Dekabr 2022 17:30
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 Dekabr 2022 17:25