22 İyul 2022 16:53

Zaur Əliyev Bərdə rayonunda vətəndaşları qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iyulun 22-də Bərdə Rayon Mərkəzi Xəstəxanasında Bərdə və Tərtər rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Bərdə şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, Bərdə və Tərtər Rayon Mərkəzi Xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 42 nəfərin müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra Agentliyin sədri Bərdə və Tərtər Rayon Mərkəzi Xəstəxanalarında işlə təmin olunan 22 nəfər Vətən Müharibəsi iştirakçısı və şəhid ailə üzvləri ilə görüşüb.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğununun artırılmasına xidmət edir.

 

Zəng sifariş et