30 Aprel 2024 12:15
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
Artıq ölkənin Şimal bölgəsində ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan, habelə təkrar tibbi şəhadətləndirilməyə cəlb edilən vətəndaşların tibbi müayinəsi regional tibb müəssisəsində - Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) aparılacaq.
İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən birgə pilot layihənin icrasına başlanılır. Belə ki, 6 may 2024-cü il tarixindən Xidmətin Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların Quba RMX-də tibbi müayinəsi aparılacaq.
Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev razılaşma sənədi imzalayıblar. Layihənin əsas məqsədi tibbi müayinələrin aparılması işinin mərkəzləşdirilməsi, yaxın məsafədə tibbi xidmətin əlçatanlığını və vətəndaş məmnunluğunu təmin etməkdir.
Vətəndaşların qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması üçün Quba şəhəri, Fətəli Xan küçəsi 42 ünvanında yerləşən Quba RMX-də qəbul və müvafiq otaqlar ayrılıb. Müayinə otaqları bütün lazımi avadanlıqlarla təchiz edilib.
Xəstəxana həftə içi hər gün, saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir. Tibbi baxış zamanı çağırışçılar cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən müayinə ediləcəkdir.
Məlumat üçün bildirək ki, müddətli həqiqi hərbi xidmətə çağırılanların, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət almış vətəndaşların ambulator və ya stasionar tibbi müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Ətraflı məlumat üçün Agentliyin “1542”, TƏBİB-in “815” və Dövlət Xidmətinin “9100” Çağrı mərkəzlərinə müraciət etmək olar.
Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanına əsasən 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı sıradankənar həqiqi hərbi xidmətə yararlılıq, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcəkdir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49