29 Noyabr 2017 12:02
Pilot ərazilərdə şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri başa çatıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 06-19 noyabr tarixlərində şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri təşkil etmişdir. Sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktik tədbirlərin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib.
Toplanan məlumatlardan məlum olmuşdur ki, şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 2314 nəfər tibbi müayinələrdən keçmiş və ailə həkimləri tərəfindən onlara müvafiq məsləhətlər verilmişdir. Sağlamlıq həftələri müddətində 598 nəfər sağlamlıq vəziyyətinin təyini məqsədilə müxtəlif laborator və instrumental müayinələrdən keçmişdir.
Müraciət edən vətəndaşların 423 nəfəri 0-15 yaş, 267 nəfəri 16-25 yaş, 325 nəfəri 26-35 yaş, 349 nəfəri 36-45 yaş, 402 nəfəri 46-55 yaş, 536 nəfəri 56-70 yaş arasında, 12 nəfəri isə 70 yaşdan yuxarı olublar.
Müraciət edənlərin tibbi müayinələrdən keçmə tezliyi də müxtəlifdir. 896 nəfər son 1 ay ərzində, 359 nəfər son 3 ay, 387 nəfər son 6 ay ərzində, 171 nəfəri son 1 il ərzində, 103 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçmişdir. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 242 nəfər təşkil edib. 156 nəfər isə sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Əldə olunan statistik göstəricilər deməyə əsas verir ki, icbari tibbi sığortanın tətbiqinə başlanması ilə vətəndaşların müayinələrə cəlb olunma tezliyində artım müşahidə olunmuşdur. Belə ki, ümumi müraciət etmiş 2314 nəfərdən 1642 nəfəri son 6 ay ərzində müayinələrdən keçib.
Müraciət etmiş 2314 nəfərdən 778 nəfərinin 2-ci tip şəkərli diabet xəstəsi olduğu təsbit edilib. Ailə həkimləri tərəfindən 123 nəfərdə 2-ci tip şəkərli diabet xəstəliyi erkən aşkarlanaraq xəstələrin müvafiq müalicəyə başlaması təmin edilmişdir.
Şəkərli diabetlə əlaqədar müraciət etmiş digər şəxslərə şəkərli diabetin profilaktikası, ilkin əlamətləri və sağlam həyat tərzinə dair tövsiyələr verilmişdir. Həmçinin, pilot ərazilərin sakinlərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əhalinin maarifləndirilməsi məqsədilə hazırlanmış “Diabet xəstəlik deyil, həyat tərzidir” yaddaş kitabçası və “Sağlam qidalanaraq sağlam yaşayın!” bukleti paylanmışdır.
Onu da qeyd edək ki, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə sağlamlıq həftələri çərçivəsində cari ilin noyabrın 17-də Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində çalışan ailə həkimlərinin şəkərli diabet xəstəliyinə dair bilik və bacarıqlarını təkmilləşdirmək üçün təlim təşkil edilmişdir.
Şəkərli diabet xəstələrinin səhhətlərində yarana biləcək problemlərin və diabetlə bağlı ağırlaşmaların profilaktikası məqsədilə Agentlik tərəfindən pilot ərazilərdə Şəkərli Diabet Məktəblərinin yaradılmasına başlanılmışdır. Şəkərli Diabet Məktəbləri pilot ərazilərdə şəkərli diabet xəstəliyindən əziyyət çəkən əhalinin şəkərli diabetə nəzarətə dair biliklərini artırmaq, xəstəliyə bilavasitə pasiyent tərəfindən də nəzarəti təmin etmək, xəstəliyin ağırlaşmalarını erkən aşkarlamaq və vaxtında qarşısını almaq üçün müstəsna rol oynayacaq. Məktəb şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün əhəmiyyətli olacaq.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49