21.02.2025, 17:00
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev fevralın 21-də Qusar Rayon Mərkəzi Xəstəxanasında Quba və Qusar rayon sakinlərini qəbul edib.
Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Qusar rayonundakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Quba filialının rəhbərinin, Quba və Qusar rayon mərkəzi xəstəxanaların direktorlarının iştirakı ilə keçirilən qəbulda 27 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri, əsasən, icbari tibbi sığorta hesabına müayinə-müalicə, əlillik məsələləri, tibbi göndərişlərin verilməsi, dərman təminatı, iş və əmək münasibətləri haqqında olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll olunub, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin fevral ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.