24 Yanvar 2022 12:53

2021-ci ilin dekabr ayı ərzində 58 şəhər və rayonun əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən ötən ilin dekabr ayı ərzində 58 şəhər və rayonda 383 847 vətəndaşa 1 393 882 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 624 085 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 201 415-i ambulator, 192 467-si isə stasionar şəraitdə göstərilib.

2021-ci ilin dekabr ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (446), Gəncə (244), Beyləqan (202), Yevlax (193),  Şirvan (171), Göyçay (161), Qəbələ (161), Xocavənd (157), Balakən (157) və Qax (155).

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası (150 677), Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (134 606), Yevlax (61 830), Xaçmaz (61 010), Quba (56 325), Göyçay (44 894), Bərdə (44 021), Şəki (41 418), Zaqatala (40 255) və Ağdaş (37 941) rayon mərkəzi xəstəxanaları.

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Yevlax, Xaçmaz, Quba, Göyçay, Bərdə, Zaqatala, Beyləqan və Şəki rayon mərkəzi xəstəxanaları.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Quba, Xaçmaz, Ağdaş, Şəki və Bərdə rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Lənkəran və Qusar rayon mərkəzi xəstəxanaları.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və müəyyən simptomlarla bağlı olub.

2021-ci ilin dekabr ayında 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):

Bərdə-Yevlax TƏB (294 608), Gəncə TƏB (199 725), Şəki-Zaqatala TƏB (177 681), Quba-Xaçmaz TƏB (173 076), Ağdam-Ağcabədi TƏB (105 820), Şəmkir-Tovuz TƏB (101 008), Göyçay-Kürdəmir TƏB (98 671), Dağlıq Şirvan TƏB (88 008), İmişli-Sabirabad TƏB (67 070), Lənkəran TƏB (49 893) və Cəlilabad-Salyan TƏB (38 322).

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-noyabr ayları ərzində ölkə üzrə 19 156 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 541 nəfərini uşaqlar təşkil etmişdir.  Belə ki, 18 yaşdan yuxarı 7153 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 5700, oftalmologiya üzrə 3277, urologiya üzrə 1356, nevrologiya/neyrocərrahiyyə üzrə 726, travmatologiya üzrə 425, LOR üzrə 228, digər sahələr üzrə 175, ümumi cərrahiyə üzrə 81, ginekologiya və doğuş üzrə 35 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 249 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə dekabr ayı ərzində 640 105 nəfərə 1 082 236 müraciət üzrə 2 465 564 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 979 532-si ambulator, 486 032-si isə stasionar şəraitdə göstərilib.

2021-ci ilin yanvar-dekabr ayları ərzində isə 58 şəhər və rayon üzrə 2 702 149 vətəndaşa 6 992 448 müraciət üzrə 15 927 369 tibbi xidmət göstərilib. Qeyd olunan müddətdə bütün ölkə üzrə 4 053 636 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 10 348 289 müraciət üzrə 22 954 649 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 17 675 080-i (77%) 18 yaşdan yuxarı, 5 279 569-u (23%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.