23 Fevral 2022 15:57

2022-ci ilin yanvar ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələrinin əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən car ilin yanvar ayı ərzində  Bakı TƏB üzrə 217 267 (Tibbi ərazi bölmələri haqqında ətraflı məlumat - link) və Sumqayıt TƏB üzrə 59 449 vətəndaşa müvafiq olaraq 904 420 və 192 011 tibbi xidmət göstərilib. Bakı TƏB üzrə 408 324 müraciət, Sumqayıt TƏB üzrə isə 102 709 müraciət qeydə alınıb. Ümumilikdə hər iki TƏB üzrə tibb müəssisələrinə daxil olan 511 033 müraciət əsasında vətəndaşlara 1 096 431 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 805 932-si ambulator, 290 499-u isə stasionar şəraitdə göstərilib.

2022-ci ilin yanvar ayı üzrə sözügedən tibbi ərazi bölmələrində əhaliyə göstərilən tibbi xidmətlərə dair bir neçə statistik göstəricini təqdim edirik:

Bakı TƏB üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Yasamal (271), Sabunçu (268), Səbail (261), Nərimanov (251), Pirallahı (245), Nəsimi (232), Xəzər (217), Suraxanı (145), Xətai (109) və Qaradağ (102). Sumqayıt TƏB üzrə isə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 154 təşkil edib.

Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, zədələr və zəhərlənmələrlə bağlı olub.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu[1]: Sumqayıt Tibb Mərkəzi (169 580), Kliniki Tibbi Mərkəz (110 697), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası   (89 835), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (81 246), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (74 009), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (69 616), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (31 308), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (27 941), M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (20 630) və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (19 334).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası və 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası.

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə cari ilin yanvar ayı ərzində 681 604 nəfərə 1 166 659 müraciət üzrə 2 584 895 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 2 101 326-sı ambulator, 483 569-u isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərin 1 861 124-dən (72%) böyüklər, 723 771-dən (28%) isə uşaqlar istifadə edib.

01.01.2021-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 57 min 500 nəfər təşkil edir.

 

 

 


[1] Aparılmış struktur islahatları nəticəsində 2021-ci ilin may ayından etibarən Bakı və Sumqayıt şəhərlərində çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələrinin bazasında (Zəngilan və Qubadlı rayon mərkəzi xəstəxanaları istisna olmaqla) Bakı şəhəri üzrə 11 və Sumqayıt şəhəri üzrə 1 tibb mərkəzi yaradılmışdır. Statistik göstəricilər tibb mərkəzləri üzrə ümumiləşdirilmiş məlumatları, habelə respublika tabeli tibb müəssisələri üzrə göstəriciləri özündə əks etdirir.

Zəng sifariş et