21 Aprel 2022 16:37

ADA Universitetində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün Potensialın Gücləndirilməsi Proqramı”na start verilib

ADA Universitetində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün Potensialın Gücləndirilməsi Proqramı”na start verilib. ADA Universiteti ilə Agentlik arasında imzalanan memorandum çərçivəsində həyata keçirilən proqramın açılış mərasimində Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, İnstitutun direktor müavini Aygün Hacıyeva və Agentliyin İnsan resurslarının idarəedilməsi və inkişafı departamentinin rəhbəri Müşfiq Əmircanov iştirak ediblər.  

İştirakçıları salamlayan N.Bayramova təlim proqramının Agentlik və TƏBİB-in əməkdaşlarının peşəkar fəaliyyətlərinin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb: “Təlim proqramı çərçivəsində əməkdaşlarımız komandaların idarəedilməsi və motivasiya, strateji planlama və onun həyata keçirilməsi, qətiyyətli liderlik, böhran kommunikasiyasının idarəedilməsi, eləcə də layihələrin idarəedilməsi, çevik idarəçilik, danışıqların aparılması bacarıqları və digər istiqamətlərdə bilik və təcrübə əldə edəcəklər. Təlimdən əldə olunan biliklər əməkdaşların uğurlu fəaliyyətinə də müsbət təsir etmiş olacaq”. 

Qeyd edək ki, təlim proqramı şöbə müdirləri, koordinator/baş məsləhətçilər, rəqəmsal transformasiya/data elmi üzrə mütəxəssislərdən ibarət 3 fərqli hədəf qrupu üçün nəzərdə tutulub. İlkin olaraq şöbə müdirləri üçün daha sonra isə koordinator/baş məsləhətçi və rəqəmsal transformasiya/data elmi üzrə təlimlərə başlanılacaq. Təlimlərdə Agentliyin 70 əməkdaşının iştirakı nəzərdə tutulub. 

 

Zəng sifariş et