01 Aprel 2022 17:30

Agentlik tərəfindən 92 tibb müəssisəsi 353 952 sayda inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələri ilə təmin edilib

“Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinin inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələri ilə təminatına başlanılıb. İlkin mərhələdə 353 952 sayda dərman vasitəsi 92 tibb müəssisəsinin imtiyazlı apteklərinə təhvil verilib.

Məlumat üçün bildirək ki, Agentlik dövlət tibb müəssisələrinin qeydiyyatında olan və yeni qeydiyyata alınacaq xəstələrin də ehtimal olunan ehtiyacını nəzərə alaraq tender keçirib. Tenderin qalibi “Avromed Company” QSC ilə 2022-ci il mart ayının 15-də 42,9 milyon manat məbləğində “Şəkərli Diabet üzrə Dövlət Proqramı üçün inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələri”nin satın alınması üzrə müqavilə imzalanıb. Müqavilənin bağlandığı tarixdən etibarən tibb müəssisələrinin dərman preparatları ilə təchizatı həyata keçirilir.    

Tibb müəssisələrinin dərman vasitələri ilə təminatı davam edir.

Zəng sifariş et