25 Yanvar 2024 11:53
Agentliyin aldığı müasir uroloji avadanlıqlar böyrək daşlarının kəsiksiz xaric edilməsinə imkan verəcək
Böyrək və sidik axarı daşlarının cərrahi müdaxiləsiz parçalanmasına imkan verən üsullardan biri də ekstrakorporal zərbə-dalğa litotripsiyası adlanır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən bu üsulla daşların müalicəsinə imkan verən litotripter avadanlığı alınıb. İsveçrənin Storz Medical şirkətinin istehsalı olan tibbi avadanlıq zərbə dalğasının köməyi ilə böyrəklər, sidik axarı və sidik kisəsindəki daşların parçalanmasını təmin edir. Cihazda rentgen və ultrasəs müayinə funksiyalarının mövcud olması daşın dəqiq yerini və zərbə dalğalarının istiqamətini nəzarətdə saxlamağa imkan verir. Dalğalar ətraf toxumaları zədələmədən yalnız daşlara təsir göstərir. Kiçik fraqmentlərə və quma çevrilən daşlar əksər hallarda sidik yolları ilə sərbəst xaric olur.
Ekstrakorporal zərbə-dalğa litotripsiyasının üstünlüklərindən biri də odur ki, prosedur ambulator şəraitdə kəsiksiz və ağrısız aparılır, xəstə həmin gün evə buraxılır. Cihazın çox funksional olması sidik-ifrazat sisteminə aid üzvlərin endoskopik müayinə və müalicəsinin həyata keçirilməsini də mümkün edir.
Ekstrakorporal litotripsiya ilə çıxarılması mümkün olmayan daşların xaric olunması üçün tətbiq edilən üsullardan biri də kontakt litotripsiya adlanır. Bu üsulla icra edilən əməliyyatdan sonra xəstə tez bir zamanda ayağa qalxıb öz gündəlik həyatına geri dönə bilir. Kontakt litotripsiya üsulu ilə uroloji əməliyyatların icrası üçün Agentlik tərəfindən alətlərlə bir yerdə pnevmatik və ultrasəs litotripsiya cihazları alınıb.
Ultrasəs litotripsiya böyrək, sidik axarı və sidik kisəsindəki daşların parçalanması üçün effektiv üsul hesab olunur. Yüksək tezlikli vibrasiya nəticəsində daşlar endoskop nəzarəti altında parçalanaraq kiçik hissəciklərə və ya qum halına gətirilir. Bundan sonra onlar əməliyyat sahəsindən aspiratorla kənarlaşdırılır. Çıxarılan fraqmentlərin laborator analizi məqsədi ilə toplanması üçün cihaz xüsusi hazırlanmış steril konteynerlə təchiz olunub.
Sidik axarı daşlarının cərrahi müalicəsində tətbiq edilən effektiv minimal invaziv üsullardan biri pnevmatik litotripsiyadır. Bu növ əməliyyatlarda daşların parçalanması sıxılmış hava təsiri altında baş verir. Sidik kanalından və ya dəridən əməliyyat sahəsinə yeridilən titan zond döyəcləmə effekti ilə daşları parçalayır. Sadəliyi və mobilliyi ilə seçilən bu üsul sidik-ifrazat sisteminin bütün hissələrindəki daşların (böyrəklər, sidik axarları, sidik kisəsi) fraqmentasiyası üçün uyğun olub, istənilən sıxlıqlı daşların parçalanması üçün istifadə oluna bilər.
Yeni Klinikaya təhvil verilən tibbi avadanlıqlar artıq istifadəyə verilib.
Qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində sidik ifrazat sistemi daşlarının qeyd olunan müasir metodlarla müayinə və müalicəsi ödənişsizdir.
Xəbərlər
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
30 Aprel 2024 12:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23