25 May 2021 16:52

Agentliyin İdarə Heyətinin sədri Çex Respublikasının səhiyyə nazirinin müavini ilə görüşüb

25 may 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Çex Respublikasının səhiyyə nazirinin müavini Radek Polikar ilə görüşüb. Görüşdə həmçinin Çex Respublikası Səhiyyə Nazirliyinin tibbi sığortaya nəzarət departamentinin direktoru Lenka Poliakova, Tibbi cihaz istehsalçıları və təchizatçıları birliyinin İdarə Heyətinin üzvü Petr Foit və Agentliyin Hüquq departamentinin rəhbəri Aysel İbayeva iştirak edib.

Zaur Əliyev Agentliyin fəaliyyəti və icbari tibbi sığortanın ölkə üzrə tətbiqi barədə nazir müavininə məlumat verib. Z.Əliyev Çex Respublikasında tibbi avadanlıqların istehsalı ilə məşğul olan şirkətlərin ölkəmizə investisiya yatırmaları üçün geniş imkanların olduğunu bildirib. 

Radek Polikar öz növbəsində səmimi qəbula görə İdarə Heyətinin sədrinə təşəkkür edib. Tibbi sığorta sahəsində iki qurum arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirən qonaq Azərbaycanla öz təcrübələrini bölüşməyə hazır olduğunu vurğulayıb.

Görüşdə səhiyyə və icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin müəyyən edilməsi qaydası, sığorta sahəsində dövlətin rolu, sığortaolunanların əsas öhdəlikləri, icbari tibbi sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və bir sıra digər mövzularda fikir mübadiləsi aparılıb.