11 Fevral 2021 14:21

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Gəncə şəhərində icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlərlə tanış olub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Gəncə Birləşmiş Şəhər Xəstəxanasında icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlərlə tanış olmaq məqsədilə 11 fevral 2021-ci il tarixində Gəncə şəhərinə səfər edib. 

Z.Əliyev ilkin səhiyyə xidmətinin gücləndirilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin artırılması məqsədilə xəstəxana ərazisində yaradılan Ailə Sağlamlıq Mərkəzinin və Təcili Yardım şöbəsinin açılışında iştirak edib. Açılışa Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndələri də qatılıblar. 

İcbari tibbi sığorta ilə bağlı hazırlıq işlərinin aparılması məqsədilə yaradılan Agentliyin İşçi Qrupunun rəhbəri Könül Ələkbərov İdarə Heyətinin sədrinə xəstəxanada sistemin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. O bildirib ki, tibb müəssisəsinə gün ərzində təxminən 2500-2700 nəfər müraciət edir. Bütün vətəndaşlara icbari tibbi sığorta çərçivəsində vaxtında lazımi tibbi xidmətlər göstərilir. Onun sözlərinə görə, İşçi Qrupunun dəstəyi ilə xəstəxananın ərazisində Kəpəz Ailə Sağlamlıq Mərkəzi qurulub: “Ailə Sağlamlıq Mərkəzi ilkin səhiyyə xidmətinin təşkili məqsədilə 54 275 nəfərə xidmət göstərir. Onlardan 11 880-ni uşaqlardır. Həmçinin xəstəxananın qəbul şöbəsinin bazasında Təcili yardım şöbəsi yaradılıb. Xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub”.

Z.Əliyev tibb müəssisəsində icbari tibbi sığortanın tətbiqi istiqamətində həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlərin əhəmiyyətini qeyd edib, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılmasının vacibliyini vurğulayıb: “Vətəndaşların tibbi xidmətlərə əlçatanlığı və tibbi xidmətlərin peşəkar tibbi kadrlar tərəfindən göstərilməsi təmin edilməlidir. Bu məsuliyyətli işdə tibb işçilərinə uğurlar arzulayır və xüsusi təşəkkürümü bildirirəm”.

Daha sonra Agentliyin İdarə Heyətinin sədri 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanası, Akademik Z.Məmmədov adına Təcili Tibbi Yardım Xəstəxanası, Kardioloji Xəstəxana, 1 nömrəli Uşaq Poliklinikası, 4 nömrəli Uşaq Poliklinikası və Göygöl Rayon Mərkəzi Xəstəxanasında olub.

K.Ələkbərov Göygöl Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlər barədə sədrə məlumat verib: “Xəstəxanada Təcili yardım şöbəsi, Ailə Sağlamlıq Mərkəzi, Terapiya şöbəsi, Cərrahiyyə şöbəsi, Hemodializ şöbəsi və s. fəaliyyət göstərir. Xəstəxanada informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə də işlər görülüb. Proqram təminatı və yeni qeydiyyat sistemi qurulub, xəstəxana internetə çıxış və kompüter avadanlıqları ilə təchiz olunub. Nəticədə xəstəxanada göstərilən tibbi xidmətlərin düzgün qeydiyyatının aparılmasına nail olunub”.

Daha sonra Z.Əliyev bölgədəki tibb müəssisələri arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədi ilə Agentliyin strukturuna daxil olan Gəncə filialında olub. Filial rəhbəri Azər Dəmirov bildirib ki, filial icbari tibbi sığortanın təbliği, vətəndaşları qəbul etmək və icbari tibbi sığorta sistemində sığortaolunanların hüquqlarının müdafiəsi məqsədilə tədbirlər görür. 

Sonda Gəncə şəhər tibbi ərazi bölməsinə daxil olan Gəncə və Naftalan şəhər, Daşkəsən, Samux, Göygöl və Goranboy rayon Mərkəzi Xəstəxanalarının rəhbər heyəti ilə iclas keçirilib.

Qeyd edək ki, 12 fevral tarixində Agentliyin İdarə Heyətinin sədri Tovuz, Ağstafa və Qazax Rayon Mərkəzi Xəstəxanalarına da səfər edəcək. 


 

Zəng sifariş et