13 Dekabr 2019 13:02

Tibb işçiləri üçün “Keyfiyyət standartları” mövzusunda təlim keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə ilkin mərhələdə icbari tibbi sığorta sisteminə qoşulacaq regionların tibbi heyəti üçün “Keyfiyyət standartları” mövzusunda təlim təşkil olunub.

Təlimdə Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir regionlarında fəaliyyət göstərən mərkəzi xəstəxanaların və diaqnostika mərkəzlərinin keyfiyyətə nəzarət üzrə  23 məsul əməkdaşı  iştirak edib. 

Təlimin keçirilməsində məqsəd iştirakçıları tibb müəssisələrində təcili yardım xidmətinin effektivliyinin təmin edilməsi, zəruri xidmətlərin vaxtında göstərilməsi, xəstəxanadaxili infeksiya risklərinin azaldılması və  gigiyenik qaydalara nəzarət imkanları haqqında məlumatlandırmaq olub.

Tibb işçiləri həmçinin göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, pasiyentin identifikasiyasının təmin olunması, o cümlədən qəbul və qeydiyyat proseslərinin tənzimlənməsi barədə geniş bilgilər əldə ediblər.

Təlim zamanı keyfiyyətə nəzarət üzrə ekspert Fatma Sönmeziç “Keyfiyyət standartları” mövzusunda təqdimatla çıxış edib. Ekspert təlim  iştirakçılarına təcili tibbi yardım, infeksion nəzarət, məlumat təhlükəsizliyi və ilkin mərhələdə tibb müəssisələrində tətbiq olunacaq 20 keyfiyyət standartı ilə bağlı strateji hədəflər və qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verib.

Təlimin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tibb işçilərinin sualları ekspert tərəfindən cavablandırılıb.

Zəng sifariş et