17 Sentyabr 2024 15:04
Eşitmə problemlərinin erkən diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
Səhhətində eşitmə problemləri olan şəxslər üçün erkən diaqnostikanın əhəmiyyəti böyükdür. Eşitmə qabiliyyətinin müayinəsi və dəqiq diaqnozun qoyulması üçün istifadə olunan müasir metodlardan biri də BERA testidir. Test icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb. İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 2134 sayda BERA test icra olunub.
Bu müayinə spesifik səs impulslarına beynin müvafiq strukturlarının verdiyi cavab reaksiyasına əsaslanan, eşitmə qabiliyyətini obyektiv şəkildə qiymətləndirən ən dəqiq diaqnostik metodlardan biridir. Müayinə vasitəsilə eşitmə sinirlərinin və beyin kötüyünün səs impulslarına verdiyi reaksiyalar qeydə alınmaqla eşitmə sistemində hər hansı patologiyanın olub-olmadığı müəyyən edilir. BERA testi nitq inkişafı hələ tamamlanmamış körpələrdə və uşaqlarda, eləcə də cavab verməkdə çətinlik çəkən yetkin insanlarda (məsələn, əqli inkişaf pozuntuları olanlarda) eşitmə probleminin dəqiq səbəbini müəyyənləşdirmək üçün istifadə olunur. Bu test müxtəlif dərəcəli ağır eşitmə diaqnozu qoyulmuş pasiyentlərdə patoloji prosesin dəqiq lokalizasiyasını müəyyən etməyə kömək edir.
Müayinə zamanı elektrodlar baş dərisinə yerləşdirilir və səs impulsları qulaqlıq vasitəsilə pasiyentə ötürülür. Bu səs siqnalları beyinə çatdıqda beyin kötüyünün verdiyi cavab reaksiyası elektrodlar vasitəsilə qeydə alınır. Hər hansı cavab anomaliyası eşitmə sinirlərindən və ya beyin kötüyündən qaynaqlanan problemin olduğunu dəqiq göstərə bilər. BERA müayinəsi tibb müəssisəsində pasiyentə həm ayıq, həm də medikamentoz sedasiya altında təhlükəsiz və ağrısız icra edilən obyektiv audioloji müayinə metodudur. Xidmətin göstərilməsi zamanı istifadə edilən anesteziya icbari tibbi sığorta ilə qarşılanır.
Eşitmə problemi erkən yaşlarda müəyyən edilmədikdə, uşaqların nitq inkişafında gerilik, təhsil prosesində çətinlik və ümumi sosial adaptasiyada problemlər meydana çıxa bilər. Eşitmə qabiliyyətinin itirilməsi həm də uşağın koqnitiv və psixoloji inkişafına mənfi təsir göstərir. Məhz bu səbəbdən BERA müayinəsi tibbi göstəriş əsasında erkən yaşda icra edilməli və potensial eşitmə pozulması vaxtında aşkarlanmalıdır. Müayinənin nəticələri əsasında ixtisaslı həkim tərəfindən müvafiq müalicə və ya reabilitasiya tədbirləri təyin edilir.
BERA müayinəsi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi göstəriş əsasında ixtisaslı həkim təyinatı ilə icra olunur.
Xəbərlər
Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir
30 Sentyabr 2024 15:15
Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır
24 Sentyabr 2024 15:32
Zaur Əliyev Şamaxıda vətəndaşları qəbul edib
20 Sentyabr 2024 17:16
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59
Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib
27 Avqust 2024 17:47