23 Avqust 2024 15:31
Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın endoskopik müayinəsidir. İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 24 857 sayda qastroskopiya müayinəsi icra olunub.
Ürəkbulanma, qusma, iştahasızlıq, davamlı mədə ağrısı, udma aktının çətinləşməsi və ağrılı olması, qida qəbulundan sonra mədədə ağırlıq və tez doyma hissi, qarının yuxarı hissəsində ağrı, ishal və ya qəbizlik, anemiya, mədə-bağırsaq qanaxması və s. simptomlar qastroskopiya müayinəsi üçün göstəriş hesab oluna bilər. Qastroskopiya xüsusi endoskopik avadanlıqdan – ucunda linza olan uzun, nazik və elastik boru olan qastroskopdan istifadə edilməklə aparılır. Bu boru ağızdan qida borusu və mədəyə, sonra isə onikibarmaq bağırsağa qədər daxil edilir.
Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın selikli qişasının vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə, iltihab ocaqları, xora, törəmə və digər xəstəlikləri aşkar etməyə imkan verir. Digər instrumental diaqnostika metodları (USM, KT, MRT daxil olmaqla) mədə-bağırsaq traktının belə dəqiq təsvirini verə bilmir.
Qastroskopiya həm təcili, həm də planlı şəkildə aparıla bilər. Təcili qastroskopiyaya səbəb əsasən xəstənin həzm sistemində qanaxma, qida borusu və mədədə yad cisimlər olduğu zaman aparılır. Bu zaman diaqnostika ilə yanaşı, xəstənin həzm sistemində olan yad cisim çıxarılır, qanaxma dayandırılır. Planlı müayinə isə qida borusu, mədə və onikibarmaq bağırsaqda xroniki xəstəliklər olduğu zaman aparılır. Müayinədən əvvəl mədə boş olmalıdır. 6-12 saat əvvəl heç bir qida və maye qəbuluna icazə verilmir.
Müayinə yerli və ümumi anesteziya (sedativ (yuxu gətirici) preparatın venadaxili yeridilməsi) ilə icra edilə bilər. Yerli anesteziya ilə (sedasiyasız) prosesin icrası adətən 4-5 dəqiqə, sedasiya ilə 35 dəqiqə davam edir. Pasiyentlər tibbi müayinədən sonra normal həyat fəaliyyətinə davam edə bilirlər. Qeyd edilən tibbi xidmətin ambulator və stasionar şəraitdə göstərilməsi zamanı aparılan anesteziya da icbari tibbi sığorta ilə qarşılanır. Bundan əlavə, qastroskopiya zamanı patoloji dəyişikliklər aşkar edilərsə, şübhəli sahələrin biopsiyası və götürülən materialın histoloji müayinəsi də sığorta hesabına aparılır.
Planlı qastroskopiyanın icrası üçün bir sıra əks göstərişlər mövcuddur. Buna görə də, qastroskopiya təyin edilmiş pasiyentlərin sağlamlıq vəziyyəti araşdırılır. Ağır tənəffüs və ürək-damar çatışmazlığı, kəskin miokard infarktı, onurğa sütunu və döş qəfəsinin artıq dərəcədə deformasiyası, beyin qan dövranının kəskin pozulmaları və digər xəstəliklər zamanı diaqnostika uyğun sayılmır.
Qastroskopiya TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi göstəriş əsasında ixtisaslı həkim təyinatı ilə icra olunur.
Xəbərlər
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59
Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib
27 Avqust 2024 17:47
İcbari tibbi sığorta bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi əməliyyatını qarşılayır
20 Avqust 2024 10:22
Miomektomiya əməliyyatı icbari tibbi sığorta təminatına daxildir
15 Avqust 2024 12:03
İcbari tibbi sığorta şişönü xəstəliklərin erkən diaqnostikasını qarşılayır
12 Avqust 2024 09:34
Agentliyin “1542” Çağrı mərkəzi 95%-dən çox zəng cavablandırıb
07 Avqust 2024 14:37
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 165-ə çatdırılıb
30 İyul 2024 11:19
Gəncə şəhərində uşaqlar tibbi müayinədən keçib
29 İyul 2024 12:03