22 Sentyabr 2022 16:21
Dövlət tibb müəssisələrində vətəndaşlara ödənişsiz psixoloji konsultasiya xidməti göstərilir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində psixoloji yardım xidməti təşkil olunur. Sözügedən xidmət əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına və psixoloji gərginlik hallarının aradan qaldırılmasına yönəlib. Bu məqsədlə TƏBİB-in tabeliyindəki 52 tibb müəssisəsində artıq 86 psixoloq ştatı yaradılıb. Hazırda yeni ştat üzrə 35 tibb müəssisəsində psixoloq ixtisası üzrə ali təhsil almış 45 kliniki psixoloq fəaliyyət göstərir. Digər tibb müəssisələrinə də kliniki psixoloqların işə qəbulu nəzərdə tutulub.
İxtisaslaşdırılmış psixoloji yardım xidməti icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmasa da, vətəndaşların psixi sağlamlığının qorunmasının vacibliyini nəzərə alaraq həmin şəxslərə xidmət ödənişsiz şəkildə həyata keçirilir. Tibb müəssisələrində kliniki psixoloji yardım həm uşaqlara, həm də böyüklərə göndərişsiz göstərilir.
Mütəxəssislər depressiya, narahatlıq, qorxu, aşırı həyəcan və stres fonunda gündəlik həyatlarında psixoloji problemlər və sarsıntı yaşayan insanların psixoloji dəstək üçün psixoloqa müraciət etmələrini tövsiyə edirlər. Nərimanov Tibb Mərkəzinin psixoloqu Mələk Seyidovanın sözlərinə görə, psixoloqlar daha çox biopsixososial yanaşma ilə xəstəlikləri təyin edir və psixoloji problemlərin bioloji və sosial tərəflərinə diqqət edərək müalicə zamanı problemə uyğun fərqli psixoterapevtik texnikalardan istifadə edirlər:
“İnsanın duyğu, düşüncə və ya davranışlarında hər zamankı hal ilə müqayisədə fərqliliklər yarana bilər. İnsan özünü emosional olaraq narahat hiss edə bilər və ya əvvəllər zövq aldığı fəaliyyətlər artıq ona mənasız gələ bilər. Bu kimi şikayətlər uzun müddət davam edirsə psixoloqa müraciət etmək lazımdır. İnsan müəyyən bir hadisə yaşadıqda bu müxtəlif düşüncələrə gətirib çıxarır. Həmin düşüncələr də fərqli neqativ duyğular yarada bilər. Yaranan bu duyğu insanın davranışlarına təsir etdiyi üçün arzuolunmaz nəticələrlə yekunlaşa bilər. Neqativ düşüncələrin alternativ düşüncələrlə əvəz olunması üçün psixoterapiyadan istifadə olunur”.
Qeyd edək ki, ödənişsiz psixoloji xidmətə konsultasiya və testlər, dəyərləndirmənin nəticələrinə uyğun müalicə planının tərtib edilməsi, psixoterapiya müalicəsi (koqnitiv-davranış terapiyası, şəxsiyyətlərarası terapiya və s.) və ya ehtiyac olduqda multidisiplinar yanaşma daxildir (nevroloqlar, terapevtlər, psixiatrlarla və s. birlikdə iş).
Psixoloji yardım psixoloji problemlərin həlli, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlərdir. Psixoloji yardım müddətindən asılı olaraq təcili, birdəfəlik, qısamüddətli (12 sessiyaya qədər) və uzunmüddətli (12 sessiyadan çox) ola bilir. Psixoloji yardım zamanı etik kodeksə uyğun olaraq pasiyentlə bağlı məlumatların konfidensiallığı qorunur.
Qeyd olunmalıdır ki, həmçinin Bakı şəhərində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Psixi Sağlamlıq Mərkəzi, TƏBİB-in tabeliyində olan Uşaq Nevroloji Xəstəxanasında uşaq və yeniyetmələrə psixi və psixoloji xidmət göstərilir. Həmin xəstəxanalarda Daun və autizm sindromlu, nitq və psixi inkişafında müxtəlif dərəcəli əqli geriliyi olan, davranış pozuntusu, diqqət əksikliyi və hiperaktivlik pozğunluğu olan uşaq və yeniyetmələr reabilitasiyalara cəlb edilir, eyni zamanda psixopedaqoji iş aparılır. Uşaqlarının problemləri barədə valideynlər də maarifləndirilərək onlar da terapiyaya cəlb edilir, bəzi valideynlərə uşaqla məşğul olmaq üçün ev tapşırıqları verilir. Eyni zamanda xəstəxanalara müraciət edən valideynlərə ümumi maarifləndirici təlimlər də keçirilir.
Xəbərlər
Zaur Əliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
27 Yanvar 2023 17:16
Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
25 Yanvar 2023 17:11
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
25 Yanvar 2023 16:35
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib
24 Yanvar 2023 17:00
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
19 Yanvar 2023 16:19
Agentliyin maarifləndirmə kampaniyası uğurla icra olunub
18 Yanvar 2023 15:30
TƏBİB-in tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya təlimi keçirilib
27 Dekabr 2022 11:35
Zaur Əliyev Şamaxı rayonunda vətəndaşları qəbul edib
23 Dekabr 2022 17:30
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 Dekabr 2022 17:25
2022-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib
21 Dekabr 2022 16:45