25 Dekabr 2020 15:58
Gələn ildən bütün sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər
2021-ci ildən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq bütün sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər.
Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.
Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərə əlçatanlığının, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, ilkin səhiyyə xidmətinin gücləndirilməsi hesabına xəstəliklərin erkən aşkarlanması (evlərdə baxış, sağlam həyat tərzinə dair maarifləndirmə, əhalinin sağlamlıq göstəricilərinin toplanması və mütəmadi yoxlanması və s.) məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 2550 sayda müxtəlif tibbi xidmət daxildir:
- ilkin səhiyyə xidməti
- təcili və təxirəsalınmaz tibbi yardım xidməti
- ixtisaslaşdırılmış ambulator yardım xidməti
- laboratoriya xidməti
- fizioterapiya xidməti
- invaziv radiologiya xidməti
- stasionar tibbi xidmət
Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi barədə layihə hazırlanıb. Layihədə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının 3000-ə qədər artırılması nəzərdə tutulur.
Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.
Xidmətlər Zərfinə 1100-dən çox cərrahi əməliyyat salınıb. Təminata alınmış əməliyyatlar sırasında həyatı vacib-dəyəri yüksək olan əməliyyatlar əhalinin sağlamlığının və maddi rifahının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Həmin əməliyyatlar sırasına koxlear implantasiya əməliyyatı, oynaq endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcədə minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır.
Tibbi göstərişə əsasən vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir. Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri isə Xidmətlər Zərfi ilə təminata alınmayıb.
Xatırladaq ki, 1 yanvar 2020-ci ildən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir. 1 yanvar 2021-ci il tarixindən etibarən daha 36 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq. 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.
Beləliklə, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq.
Xəbərlər
Dünya Bankının nümayəndələri ilə Agentlikdə görüş keçirilib
19 May 2022 14:13
Aprel ayında icbari tibbi sığorta çərçivəsində 3 milyondan çox tibbi xidmət göstərilib
18 May 2022 10:22
Səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı seminar təşkil olunub
17 May 2022 16:36
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
14 May 2022 15:15
“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb
13 May 2022 16:05
Beynəlxalq Talassemiya Günü ilə bağlı tədbir keçirilib
06 May 2022 19:41
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı artırılıb
06 May 2022 12:48
“Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib
05 May 2022 16:47
Agentliyin İdarə Heyətinin sədri Neftçalada vətəndaşları qəbul edəcək
05 May 2022 16:17
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
02 May 2022 12:38