16 Aprel 2021 12:41

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşuldu

Bu gün IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Binəqədi rayonunun Xocasən qəsəbəsində baş tutan budəfəki aksiyaya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları da qoşulublar.

Yuxarıda adıçəkilən dövlət qurumlarının əməkdaşlarının, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə 1 hektar ərazidə 400-dən çox zeytun və Eldar şamı ağacları əkilib. Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev də iştirak edib.

Tədbir zamanı “Yaşıl Marafon” kampaniyasının əhəmiyyətindən bəhs edən Zaur Əliyev bildirib ki, sağlam həyat tərzi üçün ekoloji təmiz mühitin yaradılması müasir dövrdə ən önəmli və aktual məsələlərdən biridir: “Bu kimi layihələr sayəsində həm təbiətin qorunmasına, həm də insanların sağlamlığı üçün zəruri olan ekoloji baxımdan təhlükəsiz və təmiz şəraitin yaradılmasına töhfə verilir”.

Qeyd edək ki, bu silsilə ekoloji aksiyaların əsas məqsədi paytaxt ərazisində və regionlarda yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirici layihələrə dəstək olmaqdır. 

Yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu faydalı təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Zəng sifariş et