15 Mart 2019 11:02
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2018-ci il üzrə illik hesabatını açıqlayıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2018-ci il üzrə fəaliyyətinə dair hesabatını açıqlayıb.
İllik hesabatda Agentliyin tabeliyinə verilən tibb təchizatçılarında həyata keçirilən yeniliklər, pilot layihənin göstəriciləri üzrə nəticələr, tibbi statistik göstəricilər, icbari tibbi sığorta (İTS) sahəsində görülən işlər barədə məlumatlar öz əksini tapmışdır.
Məlumat üçün bildirək ki, pilot layihə çərçivəsində İTS-nin tətbiqinə Mingəçevir şəhərində və Yevlax rayonunda 01 yanvar 2017-ci il, Ağdaş rayonunda isə 16 fevral 2018-ci il tarixlərindən etibarən başlanılıb. Layihə müddətində əhalidən sığortahaqqı toplanılmayıb.
Hesabat dövrü ərzində pilot ərazilərdə sığortaolunanların sayı 340 min 600 nəfər təşkil etmişdir.
Agentlik pilot layihə müddətində qarşısına qoyduğu hədəflərə çatmaq məqsədilə müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, Agentliyin tabeliyinə verilmiş tibb təchizatçılarının ümumi əməkhaqqı fondu artırılmış, maddi-texniki bazası, dərman preparatları və tibbi sərfiyyat vasitələri üzrə təchizatı yaxşılaşdırılmışdır. Pilot layihənin göstəriciləri onu deməyə əsas verir ki, səhiyyə sahəsində nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olunmuş, Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında çalışan tibb işçilərinin iş şəraitləri (70%) və əməkhaqları (63%) ilə bağlı məmnunluqları yüksəlmişdir.
Pilot ərazilərdə yaşayan sığortaolunanlar və məcburi köçkünlər baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş, əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılmışdır. Nəticədə göstərilən xidmətlərdən məmnunluq və tibbi xidmətlərə əlçatanlıq səviyyəsi əhali arasında müvafiq olaraq 87% və 77% (Mingəçevir şəhər və Yevlax rayonu üzrə göstəricilər ümumiləşdirilmişdir), Ağdaş rayonu üzrə isə müvafiq olaraq 90% və 62% təşkil etmişdir.
Pilot ərazilərdə fəaliyyət göstərən tibb təchizatçılarının fəaliyyətinin optimallaşdırılması məqsədilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, 2016-cı il ilə müqayisədə çarpayıda keçirilən günlərin orta sayı 11,7-dən 4,6-ya qədər azalmışdır. Bundan əlavə, 2018-ci ildə Ağdaş rayonundakı tibb təchizatçılarının çarpayı fondu optimallaşdırılmış və çarpayıların sayı 370-dən 170-ə enmişdir.
2018-ci ildə pilot ərazilərdə həkimə gəlişlərin sayı 1,1 milyon, evə yazılan xəstələrin sayı 21 min 454 nəfər, cərrahi əməliyyatların sayı isə 9 min 346 təşkil etmişdir. 2017-ci il ilə müqayisədə ötən il həkimə gəlişlərin sayında 27% artım müşahidə olunmuşdur. Evə yazılan xəstələrin 60%-i, cərrahi əməliyyatların isə 74%-i Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının payına düşmüşdür.
Ümumilikdə 2018-ci il üzrə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 32 660,39 min manat vəsait sərf edilmişdir ki, bu vəsaitin 26 921,34 min manatı Agentliyin tabeliyinə verilmiş tibb təchizatçılarının (ilkin səhiyyə xidməti daxil olmaqla), 2 307,89 min manatı pilot ərazilərdə göstərilməsi mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər üçün Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb təchizatçılarının, 3 431,16 min manatı isə əvəzləşdirilə bilinməyən və dövlət büdcəsinə geri qaytarılmış əlavə dəyər vergisinin payına düşür.
Hesabat dövründə pilot ərazilərdə göstərilən tibbi xidmətlərlə bağlı bir sıra yeniliklər baş vermişdir:
1. Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında “Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmət istifadəyə verilmişdir. Bu xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini onlayn öyrənmək imkanı yaradır.
2. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında endoskopik üsulla transuretral rezeksiya (TUR) və böyük sümüklərin endoprotezləşdirilməsi əməliyyatları həyata keçirilir.
Ağdaş rayon Mərkəzi Xəstəxanası kompüterlər və proqram təminatları ilə təchiz edilmiş, müəssisənin daxili fəaliyyətinin əhəmiyyətli dərəcədə elektronlaşmasına nail olunmuşdur. Bundan başqa, maliyyə vəsaitlərinin istifadəsində səmərəliliyin artırılması üçün ilkin səhiyyə xidməti yenidən təşkil olunaraq maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilmiş, habelə ikinci səviyyəli səhiyyə xidmətlərinə göndərişi olmayan sığortaolunanlara azadolma məbləği tətbiq edilmişdir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən ölkə üzrə İTS-nin tətbiqi 2020-ci ildən etibarən nəzərdə tutulur.
Hesabatla Agentliyin rəsmi internet saytından (its.gov.az) tanış ola bilərsiniz.
Xəbərlər
Zaur Əliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
27 Yanvar 2023 17:16
Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
25 Yanvar 2023 17:11
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
25 Yanvar 2023 16:35
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib
24 Yanvar 2023 17:00
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
19 Yanvar 2023 16:19
Agentliyin maarifləndirmə kampaniyası uğurla icra olunub
18 Yanvar 2023 15:30
TƏBİB-in tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya təlimi keçirilib
27 Dekabr 2022 11:35
Zaur Əliyev Şamaxı rayonunda vətəndaşları qəbul edib
23 Dekabr 2022 17:30
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 Dekabr 2022 17:25
2022-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib
21 Dekabr 2022 16:45