16 Aprel 2024 10:30
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
Katarakta xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Vətəndaşlar ixtisaslı həkim müayinəsi, funksional-diaqnostik müayinələr və cərrahi əməliyyat kimi tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilirlər.
2023-cü il ərzində 35 791 sayda katarakta əməliyyatı icra olunub ki, bunların 28 619-u özəl, 7 172-si dövlət tibb müəssisələrinin payına düşür.
Kataraktanın müayinə və müalicəsi həkim-oftalmoloq tərəfindən aparılır. Göz strukturlarının və görmə qabiliyyətinin müəyyənləşdirilməsi, göz təzyiqinin ölçülməsi, göz dibinin müayinəsi, ön kameranın dərinliyinin, büllurun qalınlığının, gözün uzunluğunun müəyyənləşdirilməsi və s. kimi müayinə metodları sözügedən xəstəliyin diaqnozunu təsdiqləməyə imkan verir.
Katarakta irəlilədikcə görmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldaraq pasiyentin sosial-ictimai həyat keyfiyyətinə təsir etməyə başlayır. Bu xəstəliyin dərman preparatları ilə müalicəsi mümkün deyil. Problemin aradan qaldırılması cərrahi əməliyyat tələb edir. Pasiyentin bulanıq bülluru cərrahi müdaxilə ilə çıxarılaraq süni büllurla, yəni “göziçi linza”larla əvəz edilir. Cərrahi əməliyyatla yanaşı, əməliyyat zamanı istifadə edilən linzalar, dərman və tibbi sərf icbari tibbi sığorta ilə qarşılanır. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları istehsalı olan “göziçi linzalar” da sığorta ilə təminata alınıb. Bundan əlavə, icbari tibbi sığorta çərçivəsində icra olunan katarakta əməliyyatları zamanı vətəndaşların seçiminə əsasən Almaniya, İtaliya, Türkiyə, Çin və Hindistan istehsalı linzalardan da istifadə olunur.
Əməliyyat təxminən 15-20 dəqiqə çəkir. Reabilitasiya dövrü qısadır, əməliyyatdan sonra xəstə eyni gündə evə buraxılır və növbəti gün normal həyat tərzinə qayıda bilər.
Qeyd edək ki, el arasında “mirvari suyu” adlandırılan katarakta xəstəliyi geniş yayılmış və korluğa səbəb ola bilən göz xəstəliklərindəndir. Katarakta göz bəbəyinin arxasında yerləşən büllurun şəffaflığını itirərək bulanıq görməyə səbəb olur. Xəstəliyin əsas əlamətləri görmənin “tərləyən şüşədən görmə” kimi bulanıqlaşması, görmə kəskinliyinin və rəng görmə qabiliyyətinin azalması, gecə görmənin pisləşməsi və işığa qarşı həssaslıqdır. Katarakta anadangəlmə (irsi) və ya qazanılmış ola bilir.
Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
Xəbərlər
Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
13 Sentyabr 2024 17:54
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
12 Sentyabr 2024 10:35
Agentlik və TƏBİB-in əməkdaşları Koreya Respublikasında səfərdə olublar
11 Sentyabr 2024 14:24
Anadangəlmə dodaq və damaq yarıqlarının cərrahi korreksiyası icbari tibbi sığorta ilə icra edilir
06 Sentyabr 2024 10:26
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
03 Sentyabr 2024 10:04
İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub
29 Avqust 2024 09:59
Zaur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib
27 Avqust 2024 17:47
Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır
23 Avqust 2024 15:31
İcbari tibbi sığorta bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi əməliyyatını qarşılayır
20 Avqust 2024 10:22
Miomektomiya əməliyyatı icbari tibbi sığorta təminatına daxildir
15 Avqust 2024 12:03