21 İyun 2019 16:48

“Körpə və erkən yaşlı uşaqların qidalanması” mövzusunda təlimlər keçirilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında qarşılıqlı əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu çərçivəsində silsilə təlimlərin davamı olaraq 18-21 iyun 2019-cu il tarixində pilot ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) çalışan tibb işçiləri üçün “Körpə və erkən yaşlı uşaqların qidalanması” mövzusunda növbəti təlim kursu keçirilib.

Təlimin keçirilməsində məqsəd körpə və erkən yaşlı uşaqların qidalanması ilə bağlı həkimlərin nəzəri bilik və praktiki bacarıq səviyyələrini artırmaq, körpələr üçün qidalanmanın əsasının ana südü olduğunu aşılamaq, uşağın düzgün qidalanmasında ana südü ilə yanaşı yaşla əlaqədar onlara əlavə qidaların verilməsi qaydasını izah etmək olub.

İştirakçılara ana südü ilə qidalandırılmanın həm körpə, həm də ana üçün əhəmiyyəti və qidalandırma zamanı yaranan çətinliklərin həlli istiqamətində bilik və bacarıqlarını təkmilləşdirmək məqsədi ilə beynəlxalq təcrübədə əldə olunmuş nailiyyətlər barədə məlumatlar verilib. 4 gün davam edən təlimdə 20 nəfər pediatr, ailə həkimi və həkim neonatoloq iştirak edib.

Qeyd edək ki, ilk təlim 2019-cu il 6-7 mart, 8-9 aprel tarixində “Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi (İDİR) - istifadəçilər üçün təlim” mövzusunda keçirilib. Sözügedən təlimin məqsəd həkimlərin nəzəri bilik və praktiki bacarıq səviyyələrini artırmaq, uşaq inkişafının qiymətləndirilməsində müasir, xüsusi işlənib-hazırlanmış alətlərdən istifadə qaydalarına, inkişaf ləngiməsi, sağlamlıq imkanları məhdud olan uşaqların qiymətləndirilməsi və lazımi mütəxəssislərə yönləndirilməsinə dair məlumatların verilməsi olub. Təlimdə 67 nəfər həkim-neonatoloq və pediatr iştirak edib. 13-17 may 2019-cu il tarixində “Körpə və erkən yaşlı uşaqların qidalanması” mövzusunda təşkil olunmuş təlimdə isə 21 nəfər pediatr, ailə həkimi və həkim-neonatoloq iştirak edib.

Zəng sifariş et