06 Dekabr 2019 16:06

Tibb işçiləri üçün “Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda təlimlər yekunlaşıb

SİYƏZƏN, 6 dekabr 2019 – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində və Siyəzən rayonunda fəaliyyət göstərən tibb müəssisələrinin 65 həkim və orta tibb heyəti üçün keçirilən təlimlər bu gün başa çatıb. 
“Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda dörd gün ərzində davam etmiş təlimlərin əsas məqsədi ilkin səhiyyə xidməti çərçivəsində qeyri-infeksion xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası, xüsusilə hipertoniya və şəkərli diabetlə bağlı tibb işçilərinin bilik və təcrübələrinin artırılması idi. Qeyri-infeksion xəstəliklərə nəzarət məqsədilə lazımi tibbi alətlərdən istifadə etmək bacarıqlarının təkmilləşdirilməsi də təlimin əsas vəzifələrindən olub. 
Təlimlər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Azərbaycan Tibb Universitetinin mütəxəssisləri və Türkiyə Respublikasından dəvət olunmuş ekspertlər tərəfindən aparılıb. 
İştirakçılar qeyri-infeksion xəstəliklərin ilkin səhiyyə xidməti səviyyəsində idarəolunması üzrə məlumatlandırılıblar. ÜST iştirakçıları stetoskop, tonometr və qlükometrlərlə təmin edib. Təlim ÜST-nin həyata keçirdiyi ilkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsinin əsas komponentlərindən biridir.
İlkin səhiyyə xidməti səhiyyə xərclərinin səmərəliliyinin artırılması məqsədi ilə beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyi sübut olunmuş strategiyadır. Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayan ilkin səhiyyə xidməti icbari tibbi sığorta sisteminin inkişafına təkan verən vacib sahədir.