26 Avqust 2021 12:25

Vətəndaşlara göndərişlərin verilməsi Qaydasına dair səhiyyə işçiləri üçün təlim keçirilib

25 avqust 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Tibbi iddialar departamenti və İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsi tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasında göndəriş vərəqəsinin verilməsi Qaydasına dair səhiyyə işçiləri üçün təlim keçirilib.

“Dövlət və özəl tibb müəssisələrinə göndərişlərin verilməsi Qaydası” və “Tibb müəssisəsinin qeydiyyatçıları və məsul şəxsləri üçün göndəriş təlimatı” adlı təlimə 9 ambulator-stasionar xidmət göstərən tibb müəssisəsi - Ak.C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Respublika Neyrocərrahiyyə Xəstəxanası, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Perinatal Mərkəzi, eləcə də 11 tibb mərkəzinin müvafiq işçi heyəti cəlb olunub.

Təlimin keçirilməsində məqsəd  icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə əhatə olunan tibbi xidmətləri əldə etmələri üçün vətəndaşlara dövlət və özəl tibb müəssisələrinə göndəriş vərəqəsinin verilməsi qaydaları barədə səhiyyə işçilərinin məlumatlılığını artırmaq və bununla da əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir.

Tədbirdə Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov çıxış edərək 1 aprel 2021-ci ilin tarixindən etibarən bütün ölkə üzrə tətbiq olunan icbari tibbi sığorta sistemindən bəhs edib: “İcbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminə bir çox yeniliklər gətirib. Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi də qəbul edilən əhəmiyyətli qərarlardan biridir. Məqsədimiz Azərbaycan Respublikasının bütün vətəndaşlarına keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etməkdir”.

Təlimin birinci hissəsində “Dövlət və özəl tibb müəssisələrinə göndərişlərin verilməsi Qaydası” adlı təqdimatla çıxış edən Agentliyin Tibbi iddialar departamentinin məsul əməkdaşı Arif Əkbərov göndəriş vərəqəsinin növləri, təcilli və planlı göndərişlərin verilməsi proseduru, göndəriş vərəqəsinin rəsmiləşdirilməsi qaydası və göndəriş vərəqəsi üçün tələb olunan sənədlər haqqında iştirakçıları məlumatlandırıb.

Təlimin ikinci hissəsində “Tibb müəssisəsinin qeydiyyatçıları və məsul şəxsləri üçün göndəriş təlimatı” adlı təqdimatla çıxış edən Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin məsul əməkdaşı Taleh Əhmədov xəstəxana idarəetmə sistemində elektron göndəriş formasının texniki xüsusiyyətlərini təlim iştirakçılarının diqqətinə çatdırıb.

Sonda Agentliyin əməkdaşları tərəfindən təlim iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılıb.

Agentlik gələcəkdə də icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrinin müvafiq əməkdaşları üçün göndərişlərin verilməsi Qaydasına dair təlimlərini davam etdirəcək.