22 Aprel 2024 10:52

Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev aprelin 19-da Daşkəsən Rayon Mərkəzi  Xəstəxanasında Daşkəsən və Göygöl rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Daşkəsən rayonundakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Gəncə Filialının rəhbərinin, Daşkəsən, Göygöl Rayon Mərkəzi Xəstəxanalarının və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun iştirakı ilə keçirilən qəbulda 16 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən  müayinə-müalicə, icbari tibbi sığortanın tətbiqi, sığortaolunanlara göstərilən tibbi xidmətlər, əlillik məsələləri, iş və əmək münasibətləri haqqında olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Zəng sifariş et