25 Yanvar 2024 15:31

Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yanvarın 25-də Neftçala Rayon Mərkəzi  Xəstəxanasında Neftçala, Salyan və Biləsuvar rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Neftçala şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Cəlilabad filialının rəhbərinin, Neftçala , Salyan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktorlarının  iştirakı ilə keçirilən qəbulda 14 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən müayinə-müalicə, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlər, təmir və təchizat məsələləri, iş və əmək münasibətləri haqqında olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Zəng sifariş et