28 Dekabr 2018 14:19
“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər edilib
Milli Məclisin 28 dekabr 2018-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər qəbul edilib.
Qanuna əsasən xidmətlər zərfi iki hissədən ibarətdir: baza və əlavə hissədən. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. İcbari tibbi sığorta çərçivəsində təminat verilən xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
Xidmətlər zərfinin baza hissəsindən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.
Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün icbari tibbi sığorta haqqı ödənilməlidir:
1. Azərbaycan Respublikası Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə və əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi, sığortaolunan tərəfindən – işçinin əmək haqqının aylıq 2 faizi müəyyən edilir.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər, peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər, “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün məzuniyyətdə olan qadınlar, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üzrə illik 120 manat müəyyən edilir. Sığorta haqları yuxarıda qeyd olunan imtiyazlı təbəqələr üçün dövlət büdcəsi hesabına ödəniləcək.
3. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə illik 120 manat müəyyən edilir. Sığorta haqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.
4. Yuxarıda qeyd olunmayan əhali kateqoriyaları (özüməşğul əhali) üzrə də illik 120 manat müəyyən edilir. Sığorta haqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.
Qanun 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49