20 Avqust 2022 10:43

Zaur Əliyev Göyçay rayonunda vətəndaşları qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev avqustun 19-da Göyçay rayon Mərkəzi Xəstəxanasında Göyçay, Zərdab və Ucar rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Göyçay, Zərdab və Ucar rayon mərkəzi xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 60-dan çox vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, Agentliyin İdarə Heyətinin sədri Göyçay, Zərdab və Ucar rayon mərkəzi xəstəxanalarında işlə təmin olunan Vətən müharibəsi iştirakçısı və şəhid ailə üzvləri ilə görüşüb.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Zəng sifariş et