23 Oktyabr 2018 16:12
100 yaşlı səhiyyəmizdə inqilab-tibbi xidmətlərin əlçatanlığı, həmrəylik və sağlam həyat
“Biz çalışmalıyıq ki, dünyada səhiyyə sahəsində gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ölkəmizdə icbari tibbi sığortanın (bundan sonra İTS) tətbiqilə əlaqədar seçilən 2 pilot ərazidən biri olaraq Yevlaxda artıq 2 ilə yaxındır ki, rayon səhiyyəsi, mübaliğəsiz, hər gününü bir yeniliklə açır. Bu prosesin ilk günlərindən diqqəti çəkən əsas məqam insanların “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə axın etməsi idi. İcbari tibbi sığorta haqqında çox az məlumatlı olmasına rəğmən insanların bu reaksiyası təbii idi. Çünki həm sovetlər dönəmində, həm də müstəqilliyimizin ötən dövrü ərzində əsasən dövlət büdcəsindən maliyyələşən səhiyyəmiz Azərbaycan insanına arzu etdiyi tibbi xidmətə əlçatanlığı təmin edə bilməyib. Baxmayaraq ki, dövlət başçısının diqqət və qayğısı sayəsində səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərin miqyası çox böyükdür. İndi Azərbaycanın demək olar ki, hər bir bölgəsində müasir standartlara cavab verən tibb müəssisələri tikilib istifadəyə verilib, amma ölkə əhalisinə səhiyyə xidməti adekvat olmayıb. İnsanın ağır xəstəliklər üzündən həyatını itirməməsi, vaxtında aşkar olunan istənilən xəstəliklərdən tez və az məsrəflə qurtarması üçün mütəxəssislərin tövsiyə etdiyi qaydaların kralı sayılacaq vacib məsləhət – hər bir kəsin ildə iki dəfə bütün tibbi müayinələrdən keçməsidir. Amma real mənzərəni “xəstəxanaya xərəkdə gətirilən xəstə mütləq azərbaycanlıdır” kimi populyar və utancverici bir deyim çox aydın şəkildə göz önündə sərgiləyib. Vətəndaş dövlətin ən böyük və qiymətli kapitalıdır həqiqətindən yola çıxsaq, mənzərə heç də qənaətbəxş olmayıb. Amma dövlətin daim hiss etdiyimiz qayğısı yenə də ən doğru qərarla həyatımıza addım-addım daxil olmaqdadır. 100 yaşlı Azərbaycan səhiyyəsi dünya səhiyyəsində ən geniş yayılmış tibbi xidmətlər modeli və həmrəyliyinə əsaslanan sosial layihənin tətbiqinə başlanılan sistem artıq Mingəçevir və Yevlaxdan sonra qonşu Ağdaş rayonu səhiyyəsinə də yeni nəfəs verməkdədir.
2Yeni olan istənilən hər şeyin-bu qərar da ola bilər, təşəbbüs də, layihə də və s.-topluma təqdim olunmasının qarışıq reaksiyalar doğurması, birmənalı qarşılanmaması və bəlli bir zaman içərisində mövcudluğu olduqca təbiidir. Lakin səhiyyədə tamamilə təzə, inqilabi yeniliyin tətbiqi fərqli bir nəticə ilə özünü göstərdi. İnsanlar az bir zaman içərisində icbari tibbi sığortaya böyük əksəriyyətlə eyni mövqedən qiymət verdilər, publik hüquqi şəxs statuslu Yevlax rayon Mərkəzi Xəstəxanasında yeni sistemə keçidlə bağlı həyata keçirilən qeydiyyat-qəbul qaydalarına, tibbi prosedurlardan istifadədə tətbiq edilən ilklərə az zaman içərisində alışdılar. Bunlar isə nəticədə həkim-xəstə münasibətlərinə insanda məmnunluq yaradan bir səviyyə, bir mədəniyyət gətirib.
İTS-nin baza zərfinə daxil olan xidmətlər imkan yaradıb ki, əvvəllər xəstəxanaya, həkimə yalnız ağrı-acılar çəkilməz olan halda üz tutan insanlar indi hər səhhət rahatsızlığı yaşayanda, hətta heç bir şikayəti olmadığı halda belə xəstəxanaya üz tutur, onlar üçün yaradılan imkanlardan istifadə edirlər. İndi insanlar baza zərfinə daxil olan xidmətlər, o cümlədən təcili və təxirəsalınmaz tibbi yardım, habelə stasionar müalicə zamanı heç bir ödəniş etmədən dərman vasitələri və tibbi ləvazimatlarla təmin olunurlar.
Hazırda xəstəxanada aparılan struktur dəyişiklikləri nəticəsində rayon sərhədlərindən kənara çıxmadan, istənilən qan analizini etdirmək mümkündür. Yeni yaradılmış, ən son tibb avadanlıqları, bacarıqlı, təcrübəli həkim personalı ilə təchiz edilmiş müasir laboratoriya 24 saat ərzində fəaliyyət göstərir.
İTS-ə görə, insanlar xəstələnmədikləri halda da fonda vəsait keçirir və xəstəliyi olan insanlar həmin vəsaitdən istifadə etməklə müalicə alırlar. Bu isə insan cəmiyyətlərinin inkişafı və möhkəmləndirilməsində mühüm rolu olan həmrəyliyə, insanların bir-birinə yardım etməsi kimi önəmli bir missiyaya xidmət edir.
Hələ yolun başlanğıcıdır. Amma İTS-in tətbiq olunduğu ərazilərdə əhalinin həyatında səbəb olduğu dəyişikliklərin önündə insanın ona cəmi bir dəfə verilən həyatını sağlam yaşaması üçün yaradılan imkanlar durur. İcbari tibbi sığorta istisnasız hər kəsin həyatını güvən altına alır. İkicə nümunəni buna misal gətirmək istəyirəm.
Birinci nümunə. Şəhər sakini Almaz və həyat yoldaşı Zöhrab Həsənovlar uzun illər ürək-damar xəstəliklərindən əziyyət çəkib. Almaz xanımın dediklərindən:
-Səhhətimiz işləmək imkanımızı heçə endirmişdi. Odur ki, maddi durumumuz hədsiz pis idi. Hansısa müalicəni etdirmək, ağrı-acılarımızı xəfiflədən bir dərmanı almaq bizim üçün problem idi. İcbari tibbi sığorta haqqında az bilgilərimizlə Yevlax rayon Mərkəzi Xəstəxanasına üz tutduq. Diqqət, adət etdiyimiz ələbaxımlılıqdan uzaq bir münasibət, qayğı gördük. Həkim-kardioloq Niyaz Hüseynovun diaqnozu, xəstəxana rəhbərliyinin diqqəti və nəzarəti ilə yoldaşım Gəncə Beynəlxalq Xəstəxanasında ürək-damar tıxanıqlığından əməliyyat olundu, mənim üzərimdə isə Gəncə Mərkəzi Klinik Xəstəxanasında ürəkdə anju aparıldı. Ağlımıza da gəlməzdi ki, böyük məbləğdə başa gələsi əməliyyatlar tam pulsuz həyata keçiriləcək. İndi normal həyatımızı yaşayır və bizə bu imkanı yaradanlara minnətdarlıq edirik.
İkinci nümunəm isə Duzdaq kənd sakini İmamquliyev Baxış Hümbət oğluna məxsusdur:
-Yüksək şəkərim var idi, bir yandan da ürəyimdəki ağrılar məni rahat buraxmırdı. Açıq ürək əməliyyatı etməyi heç ağlımın ucundan da keçirmirdim. Axı, ömürboyu kəndimizdən kənara çıxmamış, burada şəxsi təsərrüfatımla məşğul olmuşdum. İmkansızlıq üzündən dəhşətli ağrılara dözə-dözə, necə deyərlər, həyatımın sonunu gözləyirdim. Və rayonumuzda İcbari Tibbi Sığortanın yenicə tətbiq olunduğu ilk günlər idi. Yaxşı insanların təkidi ilə (boynuma alım ki, heç bir inamım olmaya-olmaya) Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Əvvəlcə göndərişlə Gəncə Beynəlxalq Xəstəxanasında müalicə aldım, sonra isə Gəncə Mərkəzi Klinik Xəstəxanasında üzərimdə açıq ürək əməliyyatı keçirildi, 3 damarım dəyişildi. Mənim sağalmağım üçün bu tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 7 min manata qədər vəsait ödənilmişdi. Mən bunu həyatımın möcüzəsi kimi qəbul etdim və ən kasıb insana belə səhiyyənin xidmətlərini əlçatan edən bir ölkədə yaşadığımdan qürur duydum. İndi daha bədbin hisslər mənə yaxın gələ bilmir. Vaxtsız əcəldən yaxa qurtarmışam, nəvələrimlə ömür karvanımı xoşbəxtliklə davam etdirirəm. Bundan gözəl nə ola bilər?!
Bəli, bu gün Yevlaxda yüzlərlə insan var ki, İTS-nin imkanlarından faydalanaraq öz sağlamlığına qovuşub. Son bir il ərzində-2017-ci ilin oktyabr ayından “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə 221800 nəfər ambulator, 4016 nəfər stasionar xəstə müraciət etmişdir. Xəstələr üzərində 764 cərrahi əməliyyat baş tutmuş və 25188 nəfər laboratoriya şöbəsinə müraciət etmişdir. Bax, tibbi xidmətin əlçatanlığı elə budur.
“Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər İsmayılov və komandası yorulmadan çalışır. Onlar pilot ərazi olaraq Yevlaxda İTS-in elə bir modelini yaratmağa iddialıdırlar ki, bütün ölkə ərazisində tətbiqi qərarlaşdırılan İcbari Tibbi Sığortanın sonrakı inkişafı üçün qiymətli təcrübələr qazanılsın, ölkə əhalisinin sistemdən olan gözləntilərinin reallaşması üçün əsaslar olsun.
Xanım NƏSİBOVA, “Kür” qəzeti (Yevlax)
Agentlik mətbuatda
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26 Fevral 2024 18:02
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17 Fevral 2024 22:33
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10 Fevral 2024 22:00
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02 Fevral 2024 11:21
Трансплантация почки и печени. Сбор средств недопустим!
10 Yanvar 2024 16:44
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09 Yanvar 2024 15:58
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08 Yanvar 2024 13:42
ЛОР-операции в Азербайджане
07 Yanvar 2024 12:27
Государственное агентство медстрахования Азербайджана обеспокоено!
18 Dekabr 2023 13:42
“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”
03 Noyabr 2023 11:50