24 Sentyabr 2019 16:18

2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq

Anadangəlmə ürək qüsuru ilə doğulan azyaşlı Fidan həmyaşıdları ilə birgə həyatın əyləncələrindən zövq ala bilmirdi. Buna onun səhhəti imkan vermirdi. Valideynləri tərəfindən qarşılanması mümkünsüz olan bahalı ürək əməliyyatını onun üçün icbari tibbi sığorta mümkün etdi. 2018-ci ildə Fidan icbari tibbi sığortanın baza zərfindən yararlanaraq sağlamlığına qovuşdu.

Fidan icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə 2017-ci ildən 2019-cu ilin avqust ayına qədər anadangəlmə ürək qüsuru diaqnozu ilə əməliyyat olunan 48 uşaqdan biridir.

Şübhəsiz, bu göstəricini sosial layihənin icrası istiqamətində əldə edilmiş ən böyük uğurlardan biri hesab etmək olar.

Pilot layihənin tətbiqi və əldə olunan uğurlu nəticələr

İcbari tibbi sığorta (İTS) pilot layihə şəklində Mingəçevir şəhəri və Yevlax rayonunda artıq üçüncü, Ağdaş rayonunda isə ikinci ildir ki, tətbiq edilir. Pilot ərazilərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) tabeliyinə verilmiş tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və tibbi xidmətlərə əlçatanlığı artırmaq məqsədilə bir sıra tədbirlər görülüb. Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidmətlərinin səmərəliliyini artırmaq məqsədilə mərkəzi xəstəxanalarda TTTY şöbələri qurulub. Qabaqcıl ölkələrdə TTTY-nin təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılıb. Yeni tipli TTTY xidməti xəstənin ambulans üçün çağırışından başlamış onun tibbi xidmətin digər səviyyəsinə (ilkin səhiyyə xidməti, ambulator və ya stasionar tibbi xidmət) yaxud evə göndərişinə qədər olan mərhələləri əhatə edir. “Triaj” sistemi isə xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lüzumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır. 

Həmçinin tibb müəssisələrinin idarəedilməsi strukturu dəyişdirilib, tibbi təchizatı yaxşılaşdırılıb və diaqnostik laboratoriyalarının işi təkmilləşdirilib. Mərkəzi Xəstəxanalarda 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb ki, onlar qanın nəinki ümumi və biokimyəvi analizini, hətta qanda hormonların müayinəsini də həyata keçirməyə imkan verir. Laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb. Eyni zamanda qeyd edə bilərik ki, pilot ərazilərdəki tibb müəssisələrindən xəstəxanadaxili bütün göndəriş, tibbi sərfiyyat, dərman təchizatı və həyata keçirilən bütün manipulyasiyaların qeydiyyatı vahid elektron idarəetmə proqramı vasitəsilə həyata keçirilib. Tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması tam təmin edilib.

Ölkədə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülərək pilot ərazilərdə Ailə Sağlamlıq Mərkəzləri (ASM) yaradılıb. Mingəçevir şəhəri üzrə sanitar-epidemioloji tələblərə cavab verən 2, Yevlax rayonunda 5, Ağdaş rayonunda isə 15 ASM qurulub. ASM-lərdə ailə həkimləri tərəfindən 18 adda tibbi xidmət göstərilir. Ağdaş rayonunda həmçinin 46 tibb məntəqəsi də fəaliyyət göstərir.

Xüsusilə qeyd olunmalıdır ki, pilot layihənin başlanğıcında özündə 1829 adda tibbi xidməti (480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik, 459-u laborator müayinə və 166-sı həyati vacib-dəyəri yüksək olan xidmətlər) birləşdirən İTS-nin baza zərfi hazırlanıb və bura daxil olan tibbi xidmətlərin tarifləri müəyyənləşib.

Qeyd edək ki, pilot ərazilərdə əhalidən sığorta haqqı toplanılmır. Belə ki, pilot ərazilərin 340 min nəfər sakini və burada rəsmi qeydiyyatda olan 30 min nəfərə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərdən istifadə etmək hüququ əldə edib (http://its.gov.az/site/assets/files/1644/tminatlar.pdf).

Həmçinin baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı (istisnalar zərfi - 1186 adda tibbi xidmət) və tarifləri də müəyyənləşib (http://its.gov.az/site/assets/files/1643/istisnalar.pdf).

Baza və istisnalar zərfləri Prezident tərəfindən təsdiqlənib.

Eyni zamanda, tibbi xidmətlərlə bağlı bir sıra yeniliklər baş verib. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq endoskopik üsulla transuretral rezeksiya (TUR) və böyük sümüklərin endoprotezləşdirilməsi əməliyyatlarının həyata keçirilməsinə başlanılıb. Cari il ərzində 6 sayda TUR və 2 sayda böyük sümüklərin endoprotezləşdirilməsi əməliyyatları həyata keçirilib.

Həmçinin tibb müəssisələrində “Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmət istifadəyə verilib. Bu xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini onlayn öyrənmək imkanı yaradır.

Qeyd olunmalıdır ki, 2017-ci il ilə müqayisədə 2018-ci ildə pilot ərazilərdə həkimə gəlişlərin (profilaktik gəlişlər daxil olmaqla) sayı 27 faiz artıb. 2017 və 2018-ci illərdə pilot ərazilərdə ümumilikdə 1967 nəfər ürək-damar cərrahiyyəsi üzrə əməliyyat olunub.

Tibb müəssisələrində çarpayıların sayının əhalinin ehtiyaclarını üstələdiyini və bu çarpayıların saxlanılmasının iqtisadi nöqteyi-nəzərdən səmərəsiz olduğunu nəzərə alaraq onların sayının azaldılması qərara alınıb. 2016-cı il ilə müqayisədə 2018-ci ildə pilot ərazilərdə çarpayıların sayı 1249-dan 707-yə qədər azaldılıb (43.4 faiz).

Beynəlxalq təcrübənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti azalıb və xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılıb. Belə ki, pilot ərazilərdə 2016-cı il ilə müqayisədə 2018-ci ildə çarpayıda keçirilən günlərin orta sayı 11.7-dən 4.6-ya enib.

Pilot layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyulub, tibb işçilərinin əməkhaqları artırılıb və beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş metodu tətbiq edilib.

“Pilot layihə çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin (heyətinin) əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi” Qaydaları (https://its.gov.az/az/qanunvericilik/documents/) müəyyən edilib. Hazırda həkimlər, orta və kiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqlarını almaqda davam edirlər. Bununla yanaşı pilot layihə müddətində həkimlərin göstərdikləri tibbi xidmətlər müqabilində əməkhaqlarına stimullaşdırıcı əlavələr, orta və kiçik tibb işçilərinin əməkhaqlarına isə sabit əlavələr tətbiq edilir.

Tibb işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsində tətbiq edilən yeni yanaşma nəticəsində pilot ərazilərdə əməkhaqqı fondu 2016-cı il ilə müqayisədə 2018-ci ildə ümumilikdə 1.8 dəfə artıb. Həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1.9 mislini təşkil edib.

Pilot layihənin tətbiqindən məmnunluq

Yuxarıda adıçəkilən islahatlar və tədbirlər əhalinin tibbi xidmətlərə əlçatanlığını artırıb və səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaldıb. Agentlik tərəfindən 2018-ci ildə pilot ərazilərdə ümumi əhali və tibb işçiləri arasında keçirilən sorğuların nəticələri bunu deməyə əsas verir. Belə ki, sorğuların nəticələrinə əsasən əhalinin 84 faizi və tibb işçilərinin 87 faizi (həkimlər və orta tibb işçiləri) İTS-nin tətbiqi istiqamətində aparılmış islahatlardan məmnunluğunu bildirib.

Nəticələrdən məlum olub ki, pilot ərazilərdə alınan tibbi xidmətlərdən (88 faiz) və ailə həkiminin xidmətlərindən (90 faiz) məmnunluq da yüksək səviyyədədir.

İTS-nin tətbiqindən sonra cərrahi əməliyyat olunanlar arasında tibbi xidmətlərin əldə edilməsi ilə bağlı maddi sıxıntı keçirənlərin sayı kəskin azalıb. Belə ki, İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 59.3 faizdən 4 faizə, Yevlax rayonu üzrə 61.8 faizdən 3.1 faizə, Ağdaş rayon üzrə isə 67.8 faizdən 13.5 faizə qədər endiyi müşahidə edilib.

Əhalinin baza zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə əlçatanlıq səviyyəsi Mingəçevir şəhəri və Yevlax rayonu üzrə 77 faiz, Ağdaş rayonu üzrə isə 62 faiz təşkil edib.

Qanunvericilikdə dəyişikliklər

Pilot layihə dövründə həyata keçirilən islahatlar, qazanılan müsbət nəticələr və təcrübə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ilin sonlarında İTS-nin ölkə üzrə tətbiqinə şərait yaradan qanun qəbul edildi, mühüm fərmanlar imzalandı və tapşırıqlar verildi.

Belə ki, ölkə başçısı “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 №-li Fərman imzaladı. Fərmana əsasən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanması, İTS-nin tətbiqi üçün lazım olan normativ hüquqi aktların, tibbi protokolların və digər sənədlərin tətbiqi, dövlət tibb müəssisələrinin elektronlaşdırılması, İTS-nin məlumat bazasının yaradılması və xəstəxanaların həmin məlumat bazasına inteqrasiyası, tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatının hazırlanması və Fərmandan irəli gələn digər məsələlərin həlli Agentliyə həvalə olundu (https://its.gov.az/site).

Sözügedən Fərmana uyğun olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradıldı və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edildi (https://its.gov.az/site/assets/files/1066/tbib_siyahi.pdf).

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun (bundan sonra Qanun) qəbul edildi (https://its.gov.az/site), həmin Qanunun tətbiqini təmin etmək məqsədilə ölkə başçısı 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərman imzaladı.

Sözügedən fərmanların icrası məqsədilə agentlik tərəfindən 2019-cu il üzrə görüləcək işlərə dair tədbirlər planı hazırlandı.

Ölkə üzrə İTS-nin tətbiqinə hazırlıq

Görülən ilk işlərdən biri agentlik tərəfindən “Tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsinə dair təkliflər” sənədinin hazırlanması (https://its.gov.az/az/media/press-reliz) oldu. Təkliflərə əsasən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 2020-ci ildən etibarən tibb müəssisələrində 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulub. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədilə ilkin mərhələdə 16 indikatorun tətbiqi planlaşdırılıb. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək.

Tədbirlər planına uyğun olaraq hazırda tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (bundan sonra İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, İTS-nin məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. Bu günədək 80 tibb müəssisəsi 2000 ədəd kompüter avadanlığı ilə təchiz olunub. İnternetə çıxışın təmin olunması məqsədilə tibb müəssisələrinə fiber-optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 50 tibb müəssisəsində kabelləşmə işləri artıq icra olunub.

İKT sahəsi üzrə görülən işlər tibb müəssisələrinin personalı üçün müvafiq təlimlərin keçirilməsini də zəruri etdi. Bu məqsədlə iyul ayından etibarən agentliyin əməkdaşları tərəfindən xəstəxanaların tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlərin keçirilməsinə başlanıldı. Bu günədək Bakı və Sumqayıt şəhərləri üzrə 50 tibb müəssisəsinin, həmçinin regionlar üzrə 100 tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib.

Hazırlanmış işçi plana uyğun olaraq, tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.

Ölkədə İTS-nin tətbiqini təmin edəcək vacib tədbirlərdən biri də əhalinin sistem çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunun (xidmətlər zərfi) hazırlanmasıdır. Sözügedən zərf hazırlanıb, müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir ki, bu xidmət üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Əlavə hissəyə münasibətdə sığortaolunanlar kateqoriyalara bölünürlər. Bura daxildir: Milli Məclis və Prezident tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) və imtiyazlı əhali.

Burada bir məqam xüsusilə qeyd olunmalıdır ki, ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı əhali - uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar (Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) üçün sığorta haqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub.

Həmçinin qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. İTS-nin ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib artacaq və bu, sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Tədbirlər planına əsasən ölkə əhalisini İTS barədə məlumatlandırmaq məqsədilə respublikanın bir sıra regionlarında (Quba, Qusar, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ) maarifləndirici tədbirlər təşkil olunub. İlin sonuna qədər digər regionlarda və paytaxt Bakının bütün rayonlarında, eləcə də ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

İTS barədə çap materiallarının, videoçarxların hazırlanması, məlumatlandırıcı postların hazırlanaraq agentliyin sosial şəbəkələrdəki səhifələrində paylaşılması istiqamətində də bir sıra işlər həyata keçirilir.

 

Əziz Məmmədov, AZƏRTAC 

Zəng sifariş et