Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.17.02.2026, 14:43
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 9–14 fevral 2026-cı il tarixlərində Avstraliya İttifaqına işgüzar səfər edib.
Nümayəndə heyətinin tərkibində Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Dərman və tibb vasitələri departamentinin rəhbəri Nərminə Ramazanova, İnformasiya texnologiyaları departamentinin rəhbəri Nicat Kərimov və Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov yer alıb. Səfərin məqsədi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və icbari tibbi sığorta sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi olub.
Səfər zamanı nümayəndə heyəti ilə Avstraliya İttifaqı Parlamentinin Avstraliya–Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, Parlamentin Səhiyyə, yaşlılara qulluq və əlillik üzrə daimi komitəsinin sədri Mayk Frilander və Parlamentin Ticarət və investisiyaların artımı üzrə birgə daimi komitənin həmsədri Rik Uilson arasında görüşlər keçirilib. Sözügedən görüşlərdə iki ölkə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığın inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Avstraliya İttifaqının Səhiyyə, Əlillik və Yaşlanma Departamenti katibinin müavini Selia Strit, qeyd olunan Departament katibinin köməkçisi və Beynəlxalq strategiyalar şöbəsinin rəhbəri Şon Leyn arasında görüş keçirilib. Görüş zamanı Zaur Əliyev ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta sistemi barədə ətraflı məlumat verərək səfərin Avstraliyanın səhiyyə və tibbi sığorta modelinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, eyni zamanda qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını və birgə layihələrin perspektivlərini qeyd edib. Selia Strit isə Avstraliya səhiyyə sistemi barəsində məlumat verib və Azərbaycan nümayəndə heyətinin Avstraliya təcrübəsinə göstərdiyi marağı yüksək qiymətləndirərək əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Səfər proqramına uyğun olaraq nümayəndə heyəti üçün Avstraliyanın “Medicare” universal tibbi sığorta sistemi, ilkin səhiyyə xidmətinin təşkili, səhiyyənin maliyyələşdirilməsi mexanizmləri, təcili tibbi yardım xidmətinin idarə olunması, eləcə də sığorta çərçivəsində təmin edilən dərman vasitələri sahəsində son illərdə həyata keçirilən təşəbbüslər barədə təqdimatlar edilib. Təqdimatlar çərçivəsində həmçinin Avstraliya İttifaqının Milli Səhiyyə Maliyyələşdirmə Qurumu, Təcili Tibbi Yardım Klinikası və Avstraliyanın Baş Səhiyyə İqtisadçısının Ofisi tərəfindən səhiyyə sistemində maliyyə dayanıqlığının təmin edilməsi, icbari tibbi sığortanın səhiyyə iqtisadiyyatında rolu və xidmət keyfiyyətinin artırılması istiqamətində tətbiq olunan yanaşmalar müzakirə olunub.
Eyni zamanda, Avstraliya Rəqəmsal Səhiyyə Agentliyində keçirilən görüşdə rəqəmsal səhiyyə infrastrukturunun inkişafı, informasiya texnologiyalarının tətbiqi, pasiyent yönümlü xidmət modelləri nəzərdən keçirilib və əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Müstəqil Səhiyyə və Yaşlılara Qulluq üzrə Tarif Təşkilatının Baş icraçı direktoru Maykl Pervan ilə görüşüb. Görüş zamanı təşkilatın mütəxəssisləri tərəfindən səhiyyə xidmətlərinin tarif siyasəti və maliyyələşdirilməsi prinsiplərinə dair məlumat sessiyaları təqdim edilib.
Səfərin sonunda nümayəndə heyəti Sidney şəhərində yerləşən Konkord Repatriasiya Ümumi Xəstəxanasını ziyarət edib. Nümayəndə heyəti tibb müəssisələrinin idarəedilməsində sığorta sisteminin rolu, ilkin səhiyyə, ambulator, stasionar və təcili tibbi yardım xidmətlərinin təşkili ilə tanış olub.
İşgüzar səfər çərcivəsində keçirilən görüşlər beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də icbari tibbi sığorta və rəqəmsal səhiyyə sahələrində gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edib.